...

Teleradio Şurası telekanallarda aparıcılıq edən müğənniləri ittiham edir

Cəmiyyət Materials 21 Aprel 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, telekanallarda aparıcılıq edən müğənnilərin intellektual və mədəni səviyyəsi çox aşağıdır.

"İstisnasız olaraq bütün artist aparıcıların səviyyəsi, aparıcılıq qabiliyyəti məni qane etmir"-deyə Məhərrəmli Trend a açıqlamasında bildirib.

Onun fikrincə, telekanallarda mühüm problemlərdən biri proqram aparıcılarının qeyri-peşəkar olması, verilişlərdə iştirak edən qonaqların rus dilində danışması, aparıcıların tamaşaçıda özü haqqında yüksək təəssürat yaratmamasıdır.

"Verilişlərin, tok-şouların aparıcıları mövzuya, müzakirələrə münasibətdə yüksək intellekt, qabiliyyət nümayiş etdirə bilmirlər. Həmçinin əksər aparıcıların özünü aparmaq qabiliyyəti çox pisdir, mədəni səviyyəsi aşağıdır"-deyə Məhərrəmli bildirib.

Onun fikrincə, Azərbaycan televiziyalarındakı aparıcılıq problemini bir qədər də artistlərin verilişlərinin açılması dərinləşdirib.

"Heç bir müğənninin aparıcılıq qabiliyyəti yoxdur" - deyə Məhərrəmli vurğulayıb.

O, əlavə edib ki, Teleradio Şurası telekanallara bu məsələdə qadağalar qoya bilməz, çünki buna səlahiyyəti yoxdur. Lakin Teleradio Şurası iclaslarının birində telekanalardakı aparıcı problemini müzakirəyə çıxaracaq.

Hazırda Azərbaycanın telekanallarında tanınmış aktyor və müğənnilərdən Faiq Ağayev, Brilliant Dadaşova, Nisə Qasımova, Röya, Natavan Həbibi, Sənubər İsgəndərli, Elməddin Cəfərov və başqalarının aparıcılıq etdiyi verilişlər yayımlanır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti