Azərbaycan, Bakı, 22 aprel /müx. TrendLife Günel Əhmədova/
Skiripkaçı Ceyhun son aylar böyük vədlər verir. Hətta o, layihə iştirakçıları arasında əcnəbi sənətçilərə də yer ayırıb. Mətləbə keçməzdən öncə, onun yerli sənətçilərdən biri ilə layihəsi barədə məlumat verək. Musiqiçinin TrendLife-a bildirdiyinə görə, onun müğənnilərdən biri ilə nəzərdə tutulan yaradıcılıq layihəsi böyük səs-küyə səbəb olacaq. Onun məlumatına görə, həmin şəxs əməkdar artist İlqar Muradovdur və onların birgə işbirliyi artıq nəticəsini verməkdədir. İlqar Muradovun ifasında və Ceyhunun müşayiəti ilə ərsəyə gətirilən muçiqili əsər üçün kadrlar da hazırlanıb. Ceyhunun əlavəsinə görə, çəkilişləri Qobustanda aparılan klip çəkilişləri bir neçə günü əhatə edib.
Layihənin maraqlı tərəflərindən biri isə onun maliyyə tutumu ilə bağlıdır. Ceyhunun sözlərinə görə, yaradıcılıq işinin ərsəyə gəlməsi üçün tərəflər külli miqdarda pul xərcləyib. Konkret məbləğ söyləməkdən çəkinən skiripaçı bir qədər tərəddüdən sonra layihəyə 30-40 min dollar xərcləndiyini sözünə əlavə etdi.
Qarşıda isə onu geniş planlar gözləyir. Yaxın aylarda skripkanın imkanlarını bir sıra səfərlər çərçivəsində göstərəcəyini deyən musiqiçi bir məqamı diqqətə çatdırdı. O, bildirdi ki, Türkiyəyə olan sıx səfərləri nəticəsində bir sıra dostlar qazanıb. Bunlar arasında prodüser şirkətlərinin nümayəndələri və sənət adamları var. Şirkətlərdən aldığı təklifləri dəyərləndirməyi düşünən Ceyhun sözünün davamında bunları söylədi:
"Sibel Canla çoxdan bəri davam edən dostluq münasibətlərim yaxın müddətdə layihə şəklində özünü göstərəcək. Onunla internet və telefon bağlantılarım olur. Nəzərə almışıq ki, bu dostluğu böyük səhnədə bölüşək. Hər ikimiz tərəfindən ilkin razılıq var. İşlərinin sıx olmasına baxmayaraq, Sibel Can istənilən tarixdə Azərbaycana gəlməyi düşünür. Lakin layihənin təşkili konkretləşmədiyi üçün geniş informasiya verə bilmirəm".
Xatırladaq ki, əməkdar artist Aygün Bəylərin də Sibel Canla layihəsi nəzərdə tutulmuşdu. Lakin maliyyə sıxıntıları qadın müğənninin bu istəyinin üstündən xətt çəkib. Skiripkaçı Ceyhuna gəlincə, o, vədinin reallaşacağına söz verdi.