...

Azərbaycanda amnistiya aktının qəbul olunmasına ehtiyac var - Parlamentin komissiya sədri

Cəmiyyət Materials 23 Aprel 2008 17:39 (UTC +04:00)
Azərbaycanda amnistiya aktının qəbul olunmasına ehtiyac var - Parlamentin komissiya sədri

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan həbsxanalarında cəza çəkən yaşlı və xəstə məhbusların, cəzasının müəyyən bir hissəsini çəkən qadınların azadlığa buraxılması üçün amnistiya aktının qəbul olunmasına ehtiyac var. "Həbsxanalarda yaşlı və xəstə məhbusların, cəzasının müəyyən hissəsini çəkən məhbus qadınların olması və onların öz ailələrindən ayrı yaşaması bizi narahat edir", -deyə çərşənbə günü Trend -a açıqlamasında Azərbaycan Parlamentinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

İndiyə qədər 8 amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə mayın 10-da qəbul edilib. 8 amnistiya aktı 87 min nəfəri əhatə edib, o cümlədən 23 minə yaxın məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

Komissiya sədri qeyd edib ki, məhbuslar və onların ailələri amnistiya aktının qəbul olunmasını gözləyirlər və buna ümid edirlər. Onun fikrincə, cəzasının müəyyən hissəsini çəkən və öz səhvini başa düşüb, etiraf edən məhbusları azadlığa buraxmaq olar: "Müxtəlif hadisələrə görə həbsxanalara düşən, cəzasının müəyyən bir hissəsini çəkən və öz səhvini başa düşən insanların cəzasının yüngülləşdirilməsi və ya azadlığa buraxılması çox yaxşı olardı. İnsan hüquqları komissiyasının sədri kimi çox arzulayardım ki, belə bir addım atılsın".

Komissiya sədri qeyd edib ki, Azərbaycanda məhbusların əfv olunması, onların azadlığa buraxılması daim dövlətin diqqət mərkəzindədir: "Mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasəti dövlət başçısı İlham Əliyev davam etdirir. İmzalanan əfv fərmanları və qəbul olunan amnistiya aktları bunu sübut edir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti