...

Dövlət Komitəsi Dünya Azərbaycanlıları Konqresini birləşməyə çağırır

Cəmiyyət Materials 24 Aprel 2008 12:12 (UTC +04:00)
Dövlət Komitəsi Dünya Azərbaycanlıları Konqresini birləşməyə çağırır

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlıları Konqresində ikiyə ayrılmış tərəfləri birləşməyə çağırır.

"Dövlət Komitəsi heç bir diaspor təşkilatının parçalanmasını istəmir, ona görə də DAK-ın fəallarını barışmağa çağırır"-deyə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Trend a açıqlamasında bildirib.

DAK növbəti dəfə iki yerə parçalanıb, qurumun İdarə Heyəti sədr Qulamrza Səbri Təbrizini vəzifəsindən uzaqlaşdırmaq barədə qərar çıxarıb və Sabir Rüstəmxanlını Konqresin sədri seçib. Təbrizi isə bunu qeyri-qanuni sayır və özünün DAK sədri olduğunu iddia edir. Rüstəmxanlının tərəfdarları mayın 24-25-də Almaniyanın Köln şəhərində, Təbrizinin tərəfdarları isə iyunun 20-23-də Brüsseldə DAK-ın qurultayını keçirməyə hazırlaşırlar.

Dövlət Komitəsi rəsmisi bildirib ki, hər bir böyük təşkilatların daxilində fikir müxtəlifliyinin, narazılıqların olması təbii haldır: "DAK-da da dünyanın müxtəlif ölkələrində yaşayan, fərqli siyasi düşüncələrə malik insanlar toplanıb, ona görə də daxildə narazılıqlar yaranır. Lakin indi ikiyə ayrılmış tərəflərin hər birinin Azərbaycanın dövlətçiliyinə, milli maraqlarımıza mövqeyi eynidir, hamısı Azərbaycansevər insanlardır"-deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi hər zaman DAK-ın qurultaylarında demokratik şəraitdə seçilmiş sədr, İdarə Heyəti ilə işləyib, əməkdaşlıq edib.

Hacıyev bildirib ki, Komitə bundan sonra da DAK üzvləri tərəfindən seçilmiş şəxslərlə işləyəcək, həmçinin bu təşkilatın parçalanmaması üçün öz səylərini əsirgəməyəcək.

"Dövlət Komitəsi olaraq hər zaman bildirmişik ki, DAK üzvlərinin siyasi baxışları, daxildəki fikir ayrılıqları bizi maraqlandırmır, biz Azərbaycan dövlətçiliyinin müdafiəsinə, Azərbaycanın maraqlarının dünyada qorunmasına çalışan hər bir diaspor təşkilatı ilə işləyir, onu dəstəkləyirik"-deyə Komitə sədrinin müavini bildirib.

Hacıyev əlavə edib ki, Dövlət Komitəsinin sədri Nazim İbrahimov da DAK-da ayrılmış tərəflərin hər birinə öz tövsiyəsini bildirəcək.

"Mən hesab edirəm ki, tərəflər öz aralarında konsensusa gələcək, qurultaya qədər barışacaqlar və DAK iki təşkilata bölünməyəcək"-deyə Komitə rəsmisi bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti