Azərbaycan, Bakı, 03 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bəyan edib ki, ABŞ-ın Azərbaycanda keçiriləcək pezident seçkiləri ilə bağlı üç mln. dollar vəsait ayırması Azərbaycanın daxili işlərinə müdaxilədir.
"Mən, bir Azərbaycan vətandaşı kimi, hesab edirəm ki, bu, Azərbaycanın daxili işlərinə müdaxilədir", - deyə Mehdiyev vurğulayıb.
Bu həfdə Amerika hökuməti Azərbaycanda oktyabrın 15-ə nəzərdə tutulan prezident seçkisinin demokratik keçirilməsi üçün üç milyon dollar ayırdığını bəyan edib.
"Bu vəsait siyasi partiya və ya digər təşkilatlara ayrılmayacaq, bu vəsait söz azadlığı və seçkiöncəsi vəziyyətin yaxşılaşdırılmasına yardım edəcək", - deyə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
Mehdiyev əlavə edib ki, hər hansı dövlət Amerikada keçiriləcək seçkilərə bu şəkildə vəsait xərcləyə bilməz. "Azərbaycan dövlətinə və ya başqa bir ölkəyə Amerikada kimisə maliyyələşdirib, seçkilərə müdaxilə etməyə və ya seçkilərə nəzarət etməyə imkan verilərmi? Nə Amerikada, nə də İngiltərədə buna icazə verməzlər. Nəyə görə Azərbaycanda belə məsələ olmalıdır? Mən bunu normal hesab etmirəm", - deyə Mehdiyev qeyd edib.