Azərbaycan, Bakı, 6 may /müx.TrendLife Şahin Cavadsoy/
Elit Ticarət Mərkəzinin "QUEEN" əyləncə kompleksində baş tutan təqdimat mərasimi, maraqlı anlarıyla yadda qaldı.Yəni təqdimat adət etdiyimiz formatlardan çox-çox fərqlənirdi. Qonaqların hamısı əsl konsert abu-havasına köklənmişdi.
Yaşar adlı bu gənc, musiqi prodüseri kimi tanınan aparıcı-şoumen Murad Arifinin ən uğurlu layihəsi kimi mediaya təqdim olundu. Hazırlanan press-relizə göz atanda məlum olur ki, Yaşarın bu albomunun hazırlanmasına iki ilə yaxın vaxt sərf olunub. Murad Arifin TrendLife-a verdiyi açıqlamasına qulaq asanda da musiqi toplusunun necə ərsəyə gəlməsi haqda kifayət qədər məlumat əldə etdik: "Çətin olsa da bu uğura imza atmağa müvəffəq olduq. Mənim sevinməyimə əsas amil "18 Yaşar" albomunda seçilən bəstəkarların musiqilərinin yer almasıdır. Vaqif Gərayzadə, Gövhər Həsənzadə, İsa Məlikov, Emin Kərimi, Mikayıl Vəkilov, Rəhim Rəhimli, Elşad Xosenin adlarını çəkmək məncə yetərli olar. Yaşarı digər gənc ifaçılardan fərqləndirəcək mühüm amillərdən biri də onun müsahibə verməməsi olacaq. Çünki, danışan müğənnilər cərgəsində yetərincə kişi ifaçılar çoxluq təşkil edirlər".
Musiqi prodüserinin sözlərini təsdiqləyən Yaşarın sevincinə şərik çıxmaq üçün bir çox şou-əhli də məkana təşrif buyurmuşdu. Müğənnilərdən - Abbas Bağırov, Lalə Məmmədova, Elnarə, Rəhim Rəhimli, Xəyyam Nisanov, Kərim, Çingiz Mustafayev, Elnar, Azad, Aygün, Nurlan Növrəsli, Ayaz, Xuraman Şuşalı, Zamiq; musiqi qruplarından - "Şeron ", "A Trio", "Dəyirman", "N brothers"; reperlərdən - Elşad Xose, Jin və digər sənətçilərin qatıldığı təqdimatda əsl musiqi bayramı yaşandı.
Sonda tədbirin səbəbkarı Yaşar da susmadı. Albomuna daxil olan 10 musiqidən bir neçəsini səsləndirən sənətçi, tamaşaçılardan da yetərincə xeyir-dua aldı.