Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Neftçi" klubu sonuncu turda "Xəzər-Lənkəran"a 0:1 hesabı ilə uduzmaqla həm çempionluq, həm də avrokuboklarda iştirak etmək şansını itirib. "Xəzər-Lənkəran"la oyunda rəqibin qazandığı qələbə AFFA-nın baş katibi Elxan Məmmədovun qələbəsi idi. Məmmədov kimlərəsə verdiyi vədi yerinə yetirməyə çalışır. Bu oyundan sonra komandamızın nəinki çempionluq, heç avrokuboklarda iştirak etmək üçün də şansı qalmayıb", bazar ertəsi Trend a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev deyib.
"Neftçi" 24-cü turda "Xəzər-Lənkəran"a uduzmaqla Premyer-Liqanın lideri olan "Olimpik"ə yaxınlaşmaq şansını itirib. Bu məğlubiyyətdən sonra 51 xalı olan "Neftçi" ikinci pillədəki yerini 52 xalı olan "İnter"ə verib.
Musayevin bildirdiyinə görə, "Xəzər-Lənkəran"la oyunu idarə edən avstriyalı hakim Şteffan Messneri Bakıya AFFA-nın baş katibi dəvət edib. "Avstriyalı hakimi bizim oyuna Məmmədov çağırmışdı. Həmin hakim futbolçumuz Zaur Tağızadəyə heç nəyin üstündə qırmızı vərəqə göstərdi" - deyə vitse-prezident əlavə edib.
"Neftçi" Premyer-Liqanın qalan iki turunda "Qarabağ" və ABN klubları ilə oynayacaq.
"Neftçi" rəsmisi deyib ki, "Olimpik" Premyer-Liqada 2-ci yeri tutacaq. Çempion isə "İnter" klubu olacaq. Musayev "Xəzər-Lənkəran"ın futbol üzrə ölkə kubokunu qazanacağına inandığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]