...

AFFA "Neftçi" klubunu ciddi cəzalandırıb

Cəmiyyət Materials 13 May 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu turunda "Xəzər-Lənkəran"la oyunda rəqibin futbolçusunu vurduğuna görə meydandan qovulan "Neftçi"nin kapitanı Zaur Tağızadə üçün mövsüm başa çatıb. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) futbolçunun rəqibə qəsdən xətər yetirmək cəhdinə görə "Neftçi" klubunu 2 min manat cərimə edib. Futbolçu özü isə qarşıdakı iki turda oynamaq hüququnu itirib.

"Neftçi" - "Xəzər-Lənkəran" oyunu Premyer-Liqada çempionatın taleyini həll edən görüş sayılırdı. "Neftçi" bu oyunda rəqibinə 0:1 hesabı ilə uduzmaqla çempionluq şansını itirib.

NİK sonuncu turun "Masallı" - "Simurq" oyununda hakimlər briqadasını təhqir edən qonaq komandanın baş məşqçisi Roman Pokoranı da ağır cəzalandırıb. Ukraynalı baş məşqçi 4 oyun ərzində texniki zonadan kənarda qalacaq. "Simurq" klubu baş məşqçisinin hərəkətinə görə AFFA-ya 4 min manat cərimə ödəyəcək.

"Masallı" - "Simurq" arasında oyun 1:1 hesabı ilə başa çatıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti