Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Bakıda sabiq prezident Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı təşkil olunmuş "Prezident kuboku" adlı beynəlxalq şahmat turnirində azərbaycanlı qrossmeyster ikinci yeri tutub. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat verib.
Turnirin qalibi rusiyalı şahmat ustası Yevgeni Nayer olub. Nayer 7,5 xal toplamaqla birinci olub.
Beynəlxalq turnirdə ikinci yerə azərbaycanlı şahmatçı Fərid Abbasov layiq görülüb. Azərbaycanlı qrossmeyster 7,0 xal toplayıb.
Sonrakı pillələrdə azərbaycanlı idmançı Qədir Hüseynovla rusiyalı Aleksandr Lastin yer alıb.
Dünən axşam saatlarında başa çatan şahmat turnirində 22 ölkədən 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Azərbaycanın Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi təcrübəli şahmatçıları bu turnirdə iştirak etməyib.
"Prezident kuboku" turnirinin mükafat fondu 85 min dollar olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]