Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Ergün/ Bakıda Olimpiadaya lisenziya xarakterli otüstü hokkey turnirinin qalibi olmuş İspaniya yığmasının rəhbərliyi yarışın gedişində onlara təzyiq edildiyini iddia edib. "Bu barədə İspaniya mətbuatı yazıb. Onlar iddia edirlər ki, guya Bakıda keçirilən turnirdə İspaniya otüstü hokkey yığmasına təzyiq olunub", cümə axşamı Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib.
Bakıda keçirilən beynəlxalq turnirin finalında Azərbaycan yığması ilə qarşılaşan İspaniyanın qadınlardan ibarət otüstü hokkey komandası 3:2 hesabı ilə qələbə qazanıb. Bu oyundan sonra AOHF rəhbərliyi Avropa Otüstü Hokkey Federasiyasına hakimlərin qeyri-obyektivliyindən şikayət edib.
Nuriyev bildirib ki, ispanların Bakıda onlara təzyiq edilməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir. "Bizim mətbuat xəbər yaymışdı ki, guya biz İspaniya yığmasının üzvlərinin Azərbaycan hokkeyçiləri ilə oyunda dopinq qəbul etməsindən şübhələnmişik və bu barədə beynəlxalq qurumlara müraciət etmişik. Belə şey olmayıb və biz sadəcə, hakimlərin qərəzli idarəçiliyindən şikayət etmişik" - deyə federasiya rəsmisi əlavə edib.
Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının baş məşqçisi pakistanlı Tahir Zamandır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]