Azərbaycan, Bakı, 22 may /müx.TrendLife Şahin Cavadsoy/
Elmira Şabanova. Bu ad öz-özlüyündə tamaşaçıya çox şey deyir. Ömrünün 35 ilini sənətdə şam kimi əritməkdən çəkinməyən akrisa, nədənsə hamımızın yaddaşında qayğıkeş ana obrazının ifaçısı kimi həkk olunub. Onunla apardığımız səmimi söhbət zamanı bir daha yəqin etdik ki, Elmira xanım həqiqətən sənət üçün doğulan insanlardandır. Müsahibənin sizlərdə də böyük maraq doğuracağından əminik:
- Elmira xanım göz dəyməsin, gün keçdikcə gözəlliyiniz daha artır. Bunun sirri nədədir?
- Mən deməzdim ki, gözələm. Yox, bu sadəcə mənə ünvanladığınız xoş sözlərdir. Ətrafımda olan insanların fikrincə məndə şarm-xorizm var. İnanın nə gözəllik salonlarına gedirəm, nə də cavanlıq mənbəyi olan dava-dərmanlar qəbul edirəm. Heç kosmetikadan da istifadə etmirəm. Necə varamsa, o cür də tamaşaçı qarşısına çıxıram.
- Deyirlər ki, sənətlə məşğul olan insanların həyatında mütləq "ikinci nəfəs" dövrü yaşanır. Yəqin Elmira xanım bunu hiss edir.
- Bu fikirlə çox razıyam. Sənətlə bərabər, məhəbbətdə də bu dövr yaşanır. Yaşımda o yaş deyil. Artıq 60-ı ötüb keçib. Bir neçə yeni filmlərdə çəkilmişəm. Digər layihə isə Moskvada, Türkiyədə çəkiləcək seriallarla bağlıdır. Hələlik adını açıqlamaq istəmirəm. Qəribəsi odur ki, mənə öncədən danışmaq düşmür. Amma həqiqətən Elmira Şabanova sənətdə "ikinci nəfəs" dönəmini yaşayır.
- Elmira xanım, yaradıcılığınıza ayırdığınız vaxtın böyük hissəsini "Azəri Star-2008" müsabiqəsinin iştirakçılarıyla keçirirsiniz. Sizi müsabiqədə münsif olmaq qərarına vadar edən səbəbi bilmək olar?
- Özündən razılıq kimi çıxmasın, keçirilən mahnı müsabiqələrinə münsif kimi qatılmaqdan ötrü dəfələrlə təkliflər almışam. Əvvəllər düşünürdüm ki, bu ampluadan çıxış etmək hardasa məni yora bilər. 1997-ci ildən Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətimi dondurandan sonra anladım ki, müəllim peşəsi həddindən artıq məsuliyyətlidir. Düzdür uşaqlarla işləmək üçün çox darıxmışdım. Amma bu dəfə mənim sevimli şoumen kimi qiymətləndirdiyim "Lider TV"nin baş prodüseri Murad Dadaşovun xahişini yerə sala bilmədim. Razılaşdım və iştirakçılara aktyorluq sənətinin incəliklərini öyrətməyə qərar verdim. Ümumilikdə götürəndə müğənniliyə iddialı olan hər kəs mütləq aktyor sənətini keçməlidir.
- İştirakçılar arasında favoritiniz varmı?
- Var, amma çox azdır. Deyim ki, onlar birinci həftələrdə çox sıxılırdılar. Hətta bir qız var idi, məşqlərdə əlləri əsirdi. Ona çox köməyim dəydi. İstəmirəm adını çəkim. Çünki indi mahnı seçimində daha diqqətli iştirakçıya çevrilib.
- Müsabiqənin üç saat ərzində canlı yayımlandığını nəzərə alsaq, demək olar ki, çox yorulursunuz. Yuxusuz qalmaq sizə mane olmur?
- Bura ilk gəldiyim günlərdə siz deyən kimi hesab edirdim ki, çox yorularam. Amma həftələr keçdikcə gördüm ki, tam əksinə olaraq iştirakçılardan müsbət enerji alıram. Aramızdakı münasibət doğmalığa çevrilib. Məşqlərdə məni buraxmırlar. Məndən çox şey öyrənmək istəyirlər.
- Neçə ildir ki, Azərbaycanın xalq artistisiniz. Hansı titul ürəyinizcədir? Xalq artisti, yoxsa xalqın artisti?
- Mən həmişə demişəm ki, Elmira Şabanova xalqın artistidir. Əgər bir aktrisa kimi xalq sevgisini qazanmağa müvəfəq olmuşamsa, bundan böyük xoşbəxtlik ola bilməz. Fürsətdən istifadə edib, Mədəniyyət və Turizm nazir Əbülfəs Qarayevə təşəkkür edirəm. Sağ olsun. Sənətkarlara necə qiymət verilməsini çox gözəl anlayır.
- Elmira xanım, adınız eşidiləndə hamının yaddaşında mehriban ana obrazı canlanır. Yəqin ana adının müqəddəsliyini də dərindən dərk edirsiniz.
- Əlbəttə. Bilməyənlərə söyləyim ki, ömrümün ən gözəl çağlarını öz ailəmə həsr etmişəm. Yoldaşım da deyərdi ki, qoy birinci uşaqlar böyüsün, onların tərbiyəsi ilə maraqlan, sonra yaradıcılıqla məşğul olarsan. Elə də oldu. Uşaqlarım ailə qurdu və mən 40 yaşından sonra yaradıcılıqla məşğul olmağa başladım. Ana adı çox müqəddəsdir. Sevinirəm ki, tamaşaçılar məni ana kimi daha çox dəyərləndirirlər. Digər tərəfdən nənə titulunu daşımaq da xoşuma gəlir.
- Necə dolanırsınız? Konkret qazanc mənbəyiniz var?
- Sağ olsun Ulu öndərimiz Heydər Əliyevin oğlu İlham Əliyev cənabları. O, təsis etdiyi prezident təqaüdündən məni də kənarda qoymayıb. Oğlum da köməklik edir. Allaha şükür pis dolanmıram.
- Belə çıxır ki, vaxt azlığından da şikayətlisiniz.
- Bilirsiz, qəribə orasındadır ki, mənə görə vaxt çox sürətlə hərəkət edir. Sanki gündüzlə-gecə arasında olan məsafə çox qısalıb. Vaxtın müəyyən mənasında dayanmasının tərəfdarıyam. Desəm ki, ürəyimdə arzuladığım heç bir rolu oynamamışam, inanmazsınız.
- Elmira xanım son zamanlar sənətlə məşğul olan müğənnilər, aktyorlar çalışırlar ki, qalmaqallarla gündəmdə qalsınlar. Sizcə onları belə addım atmağa məcbur edən səbəb nə ola bilər?
- Qalmaqallara can atan sənət adamlarının əksəriyyəti ulduz xəstəliyindən əziyyət çəkən insanlardır. Mən bir böyük kimi bacardığım qədər gənclərə örnək olmağa çalışıram. Var olsunlar ki, çox zaman sözümü dinləyənlər tapılır. Vallah qalmaqalla gündəmdə qalmağın ömrü çox az olur. Atalar demiş : "Haynan gələn, vaynan gedər".
- Elmira xanım, nə vaxtsa peşəkar sənətkar kimi ustad dərsləri keçmək və ya şəxsi kursunuzu açmaq fikriniz varmı?
- Açığını deyim ki, yorulmuşam. 35 il universitetdə dərs dedim, iki diplomum var - aktyor, rejissor. Tədris teatrında saysız-hesabsız tamaşalar hazırladım. Artıq idarə etmək yox, ifaçı olmaq istəyirəm.
- Sonda maraqlı bir sualla söhbətimizi bitirmək istərdik. Elmira Şabanova hansı adı daha üstün tutur? Qayğıkeş ana, yoxsa peşəsini sevən sənətkar?
- Analıq, nənəlik borclarımı artıqlaması ilə yerinə yetirmişəm. Ömrümün axır günlərini ancaq sənətə bağlamışam. Əvvəldə də qeyd etdiyim kimi əsasən gənclərə kömək etmək istəyirəm. Təki Tanrım yaşamaq üçün ömür versin...