Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik avarçəkmə üzrə 18 yaşlılardan ibarət yığma komandasının üzvləri Ukraynanın Kiyev şəhərində keçirilən yarışda bir bürünc medal qazanıblar. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
Azərbaycanlı idmançılar "Kiyev reqatası" adlanan turnirdə bir, iki və dörd nəfərlik qayıqlarda qüvvələrini sınayıblar. Bürünc medalı iki nəfərlik sükansız qayıqda yarışan Aleksandr Qlotov və Timur Kutseba dueti qazanıb.
Digər azərbaycanlı idmançı Cavid Əfəndiyev bir nəfərlik qayıqda 33 avarçəkən arasında dördüncü yeri tutub.
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanov rəhbərlik edib.
"Kiyev reqatası"nda Ukrayna, Moldova və Belarus idmançıları da mübarizə aparıblar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]