Azərbaycan, Bakı, 29 may /müx. TrendLife Günel Əhmədova
Brilliant Dadaşova Şimali Kipr Türk Cumhuriyyətinin Yakın Doğu Universitetinin Atatürk Kültür Mərkəzində konsert proqramı ilə çıxış edib. "Kıbrıs" qəzetinin yazdığına görə, Brilliant xanım konsertə sözügedən universitetin qurucu rektoru doktor Suat Günselin dəvəti ilə gedib. Azərbaycan Demokratik Cumhuriyyətinin 90 illiyi çərçivəsində düzənlənən konsertdə Brilliant xanımı Azərbaycandan getmiş orkestr müşayət edib.
Müğənninin mətbuat əlaqələndiricisinin TrendLife-a bildirdiyinə görə, konsertdə sənətçi Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Tofiq Quliyevin, Faiq Sücəddinovun, Arif Məlikovun, Cavanşir Quliyevin əsərləri ilə yanaşı türk mahnılarını da səsləndirib. "Kıbrıs" qəzetinin yazdığına görə, konsert Azərbaycan marşı ilə sona çatıb.
Yeri gəlmişkən, Brilliant Dadaşovanın Şimali Kipr Türk Cumhuriyyətinə səfəri yerli telekanal və mətbu orqanların da diqqətindən kənarda qalmayıb. Belə ki, sənətçi Kiprin "Kanal T" televiziyasında iki saatlıq proqrama qatılıb və musiqi ilə bağlı fikirlərini bölüşüb. Konsertdən öncə isə "Yurtsevər Kıbrıslı" qəzetinin siyasət şəhrçisi Şinasi Başaran Brilliant Dadaşovanın verilişdəki fikirlərinə şərh verib. O Brilliant Dadaşovanı Azərbaycanın billur səsli sənətçisi adlandırıb: "Bu gün siyasətdən, dedi-qodudan uzaq bir yazı yazmaq istədim. Azərbaycanın dövlət sənətçisi Brilliant Dadaşovadan bəhs etmək istədim. Dünən səsi ilə Kanal T izləyicilərini məst etmişdi. Bu gün də "Kıbrıslı" oxucularına onun rəsmlərini və söylədiklərini çatdırıram".
Onu da qeyd edək ki, Brilliant xanım Kiprdən birbaşa Türkiyəyə gedib. Bu səbəbdən onun səfər təəssüratlarını öyrənə bilmədik. Əldə etdiyimiz məlumata görə, sənətçinin Türkiyədə ləngiməsi iki dildə albom çıxırması ilə bağlıdır. Deməli o ölkəmizə əli dolu qayıdacaq.