Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir İ.Əlizadə/ BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) hesab edir ki, nüvə enerjisi gələcəkdə Azərbaycan üçün əlavə və alternativ enerji resursu ola bilər. "Azərbaycanda nüvə-elektrik stansiyasının tikintisi çox cəlbedicidir. Çünki hazırda nüvə enerjisi intibah dövrünü yaşayır", - deyə çərşənbə günü Bakıda Trend -a açıqlamasında MAQATE-nin texniki əməkdaşlıq üzrə şöbə müdiri Yan Şuler bildirib.
Şulerin rəhbərlik etdiyi MAQATE nümayəndə heyəti çərşənbə günü Bakıda danışıqlar aparıblar. Azərbaycan Milli Elmlər Akademiyası ilə MAQATE arasında Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı iki layihənin həyata keçirilməsi üzrə razılıq əldə olunub. Bunlardan biri kompleks unversal damma şüalanma mənbəyi, digəri isə tədqiqat-nüvə reaktorunun əsaslandırılması ilə bağlı layihələrdir.
MAQATE Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisinə rəsmən icazə verib.
Azərbaycan hökuməti ilk nüvə-tədqiqat reaktorunun tikintisinə razılığını verib. Azərbaycanda bu obyektin tikintisinə 2009-cu ildə başlanması və 2010-cu ildə onun başa çatdırılması nəzərdə tutulur.
Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom-elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.
"Bir çox ölkələr nüvə elektrik stansiyalarının imkanlarını genişləndirmək və ya yenilərini tikmək barədə düşünürlər", - deyə MAQATE rəsmisi əlavə edib.
Şuler bildirib ki, MAQATE Azərbaycanda nüvə enerjisi sahəsi üzrə mütəxəssislərin hazırlanmasına kömək etməyə hazırdır: "Əgər Azərbaycan bu yolla getməyə qərar versə, MAQATE ölkə üçün mütəxəssislərin hazırlanması, texnologiyanın qiymətləndirilməsi və bu qurğulardan istifadə ilə bağlı məsləhətlərini verməyə hazırdır. Əsas qərarı isə hökumət qəbul etməlidir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]