Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir K.Zərbəliyeva/ "Azadlıq" qəzetinin jurnalistini bıçaqlamaqda ittiham olunan Sergey Strekalinin məhkəmə prosesi keçirilib.
"Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.
Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.
Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Strekalin tərəfindən bıçaqlandığının istintaqla sübuta yetirildiyi qeyd olunub.
Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.
Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev təqsirləndirilənin vəkili Akif Məlikova prosesə gecikdiyi üçün xəbərdarlıq edib. Zərərçəkən Xəlilin vəkili Elçin Sadıqov cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Dövlət ittihamçısı və təqsiriləndirilənin vəkili vəsatətin təmin olunmasına etiraz etməyiblər. Məhkəmə Sadıqova cinayət işinin materialları ilə tanış olmaq üçün iyunun 24-dək vaxt verib. Proses iyunun 24-də davam etdiriləcək.
Sadıqov Xəlilin iyunun 19-da Fransaya səfərinə hüquq-mühafizə orqanları tərəfindən icazə verilmədiyini vurğulayaraq, məhkəmədən bu işə aydınlıq gətirilməsi, hüquqlarını müdafiə etdiyi şəxsin ölkədən çıxmasına məhkəmə tərəfindən qadağa qoyulması barədə göstərişin verilib-verilmədiyi barədə məhkəməyə şifahi sorğu ilə müraciət edib. Hakim Abdullayev sorğunu cavabsız qoyub.
Prosesdə zərər çəkən Xəlil iştirak etməyib.
Jurnalistin "Zeytunlar bağı" adlanan ərazidə döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]