Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanda idman kanalının açılması üçün elan edilən müsabiqəyə qoşulanların sayı 3-ə çatıb. "İyunun 21-də müsabiqənin vaxtı başa çatıb və müsabiqəyə Az.TV kanalı, Lider kanalı və Rebrandinq MMÇ qoşulub", bazar ertəsi Trend -a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Lisenziyalaşdırma və hüquq şöbəsinin baş mütəxəssisi Tohid Əliyev bildirib.
Trend -un arayışı: MTRŞ "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq aprelin 21-də idman televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 58-ci tezlik resursuna müsabiqə elan edib. Qanunverciliyə görə, müsabiqəyə qoşulan iddiaçıların sayı ən azı 3 olmalıdır. Birinci mərhələdə müsabiqəyə heç kim qoşulmadığı üçün MTRŞ mayın 21-də müsabiqənin vaxtını daha bir ay uzatmışdı.
Əliyev bildirib ki, iyulun 21-nə kimi sənədlər araşdırılacaq və qalibin adı elan olunacaq. "Az.TV kanalı "Az.TV sport", Lider kanalı "Olimp TV" və Rebrandinq MMÇ isə " Sport Klub" adlı kanal açmaq iddiası ilə müsabiqəyə qoşulub", - deyən Əliyev hər üç iddiaçının sənədlərinin normal olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]