Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir K.Zərbəliyeva/ Dövlət qulluğundakı vakant yerlərə sənəd verən namizədlərin hazırlıq səviyyəsi aşağıdır. Bunu bazar ertəsi Beynəlxalq Dövlət Qullugu Gününə həsr olunmuş elmi-praktik konfransda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə müsahibəsində deyib.
Vakant dövlət qulluğu vəzifələrinə keçirilmiş müsabiqələrin nəticələrindən narazı olan Xəlilov müsabiqələrdə iştirak etmiş namizədlərin təhsil səviyyəsi və dünyagörşünün aşağı olduğunu vurğulayıb.
Komissiya sədrinin sözlərinə görə, Komissiyanın indiyədək keçirdiyi dörd müsabiqədə iştirak etmiş 5000-dən çox namizəddən 289-u dövlət qulluğuna qəbul olunub.
Xəlilov dövlət qulluqçularının səviyyəsinin və peşəkarlığının artırılması məqsədilə Litvanın İdarəçilik Akademiyası ilə Komissiya arasında müqavilə bağlandığını və 36 dövlət orqanının kadr və aparat rəhbərlərinin bu ölkəyə üç günlük təlim kurslarına göndərildiyini, regionlarda mütəmadi təlimlərin təşkil olunduğunu deyib.
Komissiya sədrinin sözlərinə görə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları hazırlanır və sənəd razılaşma mərhələsindədir. Xəlilov bildirib ki, qaydalar təsdiq olunduqdan sonra dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək.
Xəlilov dövlət orqanlarında çalışan bəzi dövlət qulluqçularının fəaliyyətindən şikayətlər olduğunu, həmin şikayətlərin araşdırıldığını və vətəndaşları razı salan qərarların qəbul edildiyini deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]