...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun Avstriyadakı yoxlama oyunları istənilən səviyyədə keçməyib – baş məşqçi

Cəmiyyət Materials 11 İyul 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov UEFA kubokuna hazırlıq məqsədi ilə Avstriyada keçirdikləri yoxlama oyunlarından razı qalmayıb. "Ümumilikdə, Avstriyadakı təlim-məşq toplanışından razı qaldım. Amma keçirdiyimiz yoxlama oyunları istədiyimiz kimi olmadı. Bəzi oyunçularımızın müxtəlif problemləri olduğundan, bu oyunlarda tam heyətlə çıxış edə bilmədik", - cümə günü Trend -a Mircavadov deyib.

"Xəzər-Lənkəran" Avstriyada dörd yoxlama oyunu keçirib. Azərbaycan klubu bu oyunlardan ikisində məğlub olub. Bir oyunda qələbə qazanan komanda digərində heç-heçə edib. Lənkəranı təmsil edən klub Azərbaycana dünən qayıdıb.

Mircavadov deyib ki, UEFA kubokunda "Xəzər-Lənkəran"ın rəqibi olan Polşanın "Lex" klubuna dair məlumatları çoxdur. "İnternet vasitəsi ilə bu klub barədə çox şey öyrənmişik. Biz Avstriyada olarkən, məşqçilərimiz "Lex"in yoxlama oyunlarından birini izləyə bildilər. Polşa komandasının futbolçuları topu özlərində çox yaxşı saxlayırlar. Rəqibimiz sürətli komandadır. Amma bütün klublar kimi, "Lex"in də müəyyən çatışmayan cəhətləri var" - deyə, baş məşqçi əlavə edib.

"Xəzər-Lənkəran"ın UEFA kubokunda "Lex"lə ilk oyunu iyulun 17-də, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda , cavab oyunu iyulun 31-də, Polşada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti