Azərbaycan, Bakı,11 iyul /TrendLife, müxbir Eldar Hüseynzadə/Rusiyanın birinci kanalındakı "Korol rinqa" layihəsi Azərbaycanda start götürəcək. Şounun təşkilatçılarından olan Mürsəl Mahmudovun TrendLife-a verdiyi məlumata görə, layihənin ideyası teleaparıcı və ŞHK-nın üzvü Həsən Əliyevə aiddir. Veriliş Gənclər və İdman Nazirliyi və Azərbaycanın Boks Federasiyası, şəxsən Ağacan Əliyevin dəstəyi ilə həyata keçəcək. İnformasiya dəstəyi TrendLife-dır.
Layihə "Savaş" adlanacaq. "Biz artıq layihə iştirakçılarının sayını müəyyənləşdirmişik. Qalibə maşın hədiyyə olunacaq. Maşının markasını hələlik sirr saxlayırıq",- deyən Mahmudov TrendLife-a söyləyib.
"Savaş"da aparıcı Tural Badikubə (ANS kanalı, "De gəlsin" verilişi), Cavid ("Yeni ulduz" layihəsinin aparıcısı), Meyxanaçı Rəşad Dağlı, prodüser Anar Mədətov, müğənni Elton, Yusif "Dəyirman", Amil Həsənoğlu, Coşğun Viləş, Tural ("Səmun" qrupu), Sənan ("Şeron"), Vüsal iştirak edəcəklər.
İştirakçılar dörd qrupa ayrılacaq. Hər qrupa üç nəfər daxildir. Məğlub olan iştirakçıya tamaşaçılar sms-səs göndərməklə, ona daha bir şans verəcəklər.
Hazırda tele-boksçular məşqlərə başlayıblar. Layihənin hansı kanalda yayımlanması ilə bağlı müzakirələr gedir.