...

Aktyor Telman Adıgözəlov nisgillidir

Cəmiyyət Materials 18 İyul 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /TrendLife müxbir Z.Rüstəmova

"Ad günümdə həmişə nisgilli oluram. Bu uşaqlıqdan belədir. Özümə qapanır tək qalmağa çalışıram. Amma dostlar sağ olsun, sükutu pozurlar. Artıq mənə gələn zənglər bu ildə tək qalmayacağımdan xəbər verir" Bu sözləri TrendLife-a iyulun 17-də 55 yaşı tamam olan xalq artisti Telman Adıgözəlov deyib. Hələ ötən il teatrlarda klassik əsərlərə olan tələbatın azlığından danışan aktyor bu gün fərqli düşünür. Onun fikrincə, klassikada fikirlər tamamlanmışdır və tamaşaçı yenilik görə bilmir:

"Fikrimcə, müasir faciəyə və müasir komediyaya səhnənin daha çox ehtiyacı var. Çünki tamaşaçı klassikanı normadan artıq qəbul edə bilmir".

Teatr və kino sənətinə uzaqdan boylanan Telman Adıgözəlov özünü pessimist fikirlərdən azad edə bilmədi. Aktyorun fikrincə, bu gün teatr və kinonun bazarı yoxdur:

"İngilislərin "İncəsənət varlı adamlar üçündür" kəlməsini elə-belə deməyiblər. Amma bu dəyərlər bir qədər istiqamətini dəyişib. Belə düşünürəm ki, bu gün hər bir sahənin bazarı var, amma teatrla kinoteatrların yoxdur. Kinonun bazarı kinoteatrlardır, onların da əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil. Ümid edək ki, son illər kinoya artırılan diqqət kinoteatrlardan da yan ötməyəcək".

Teatrdakı əmək haqqların ingilislərin deyimi ilə üst-üstə düşmədiyini söyləyən aktyor özünü həm varlı sayır, həm də kasıb. Aktyor nəslinin cibinin daima boş olduğunu deyən aktyor özünün xeyriyyəçi arzularını hələ də suda boğur:

"Çox istərdim böyük işlər görüm. Yəni kimsəsizlər üçün tamaşalar mənəvi qida rolunu oynayır. Amma onların maddiyata daha çox ehtiyacları var. Fikrimdən onlara yaxşı şəraiti olan yaşayış məskəni tikmək keçir. Pulum olsaydı, yəqin bu arzumu gerçəkləşdirirədim".

Aktyor həmçinin düşünür ki, aktyorların pulsuzluğu daha çox gənclər üçün zərbəyə çevrilir.

Xəbər lenti

Xəbər lenti