...

Azərbaycan paytaxtında qəza vəziyyətində olan binanın sakinləri mənzillərindən çıxmamaq qərarına gəliblər

Cəmiyyət Materials 13 Avqust 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonu, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəlləsində qəzalı vəziyyətdə olduğu bildirilən (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən) binanın bir qrup sakini bu gün mətbuat konfransı keçiriblər.

Konfransda çıxış edən binanın sakini Bakı Dövlət Universitetinin (BDU) dosenti Çingiz Həsənov bildirib ki, bina qəzalı vəziyyətdə deyil və onun uçulması barədə çıxarılan qərar səhvdir.

Binanın digər sakini Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Telman Əliyev deyib ki, sakinlər binadan çıxmamaq barədə qəti qərara gəliblər. Həmin binada yaşayan BDU-nun hüquqşünası Sənan Səfərov rastlaşdıqları problemlə bağlı Yasamal rayon məhkəməsində qaldırdıqları iddiaya baxılmayaraq geri qaytarıldığını deyib. "Məhkəmədən bildiriblər ki, sakinlər hər biri ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. Bu səhv tələbdir", - Səfərov əlavə edib.

Trend -un arayışı: Bu ilin iyul ayının 19-da sakinlərlə görüşən Yasamal rayonundakı 21 saylı Mənzil İstismar Sahəsinin rəisi Laçın Hacıyev Nazirlər Kabinetinin möhürü ilə təsdiqlənmiş sərəncamı sakinlərin diqqətinə çatdırıb. Sərəncamda göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, akademik Şəfayət Mehdiyev küçəsi, 546-cı məhəllə 17 ünvanında beşmərtəbəli yaşayış binasının təhlükəli vəziyyətdə olan mənzillərində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların digər ünvanlarda mənzil kirayələyib müvəqqəti yerləşməsi məqsədilə 36 ailənin rayon ərazisində digər ünvanlarda yerləşməsi üçün tələb olunan 6 aylıq kirayə haqları və köçürülmə xərclərinin ödənilməsi üçün 130 560 manat ayrılması nəzərdə tutulur.

1 otaqlı mənzil sahiblərinə 400 manat, 2 otaqlılar üçün 500 manat, 3 otaqlı mənzil sahibləri üçün 700 manat, habelə vətəndaşların köçürülmə xərcləri üçün 1 avtoreysə görə 120 manat ödəniləcək.

Sərəncamda sakinlərin yaşadıqları binanın sökülüb-sökülməməsi və yaxud da təmiri ilə bağlı heç nə öz əksini tapmayıb.

Sakinləri qəbul edən Baş nazirin müavini Abid Şərifov onlara binanın söküləcəyini deyib. Şərifov binanın 5, 6, 7-ci bloklarının, sonrakı mərhələdə isə binanın digər 7 blokunun da söküləcəyini söyləyib. Baş nazirin müavini sakinlərə bildirib ki, gələcəkdə həmin ərazidə tikilən binada sakinlərə indiki mənzil sahələrindən 20 faiz artıq mənzillər veriləcək.

Bina 1959-cu ilin aprel ayından tikilməyə başlayıb. 1960-cı ildə isə bina istifadəyə verilib. Həmin ildən binada BDU-nin və Milli Elmlər Akademiyasinin professor, alim və dosentləri yaşamaga başlayıblar. Bu ilin iyun ayının 19-da gecə saatlarında bir qrup polis əməkdaşı binaya daxil olaraq 5, 6 və 7-ci bloklarda yaşayan 40 ailəni mənzillərdən çıxarıb. Həmin gündən qeyd olunan bloklardakı mənzillərə verilən qaz, su və elektrik enerjisi kəsilib. Binanın təxminən 40-dan artıq eyvanı sökülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti