...

Azərbaycan paytaxtında partladılan məscid həftə ərzində fəaliyyətini bərpa edə bilər -məscidin imamı

Cəmiyyət Materials 27 Avqust 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtında partladılan Əbu Bəkr məscidi cümə günü fəaliyyətini bərpa edə bilər.

"Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik və əgər istintaqın gedişinə mane törətməyəcəksə, bu həftə məscidin fəaliyyətini bərpa edəcəyik", cərşənbə günü Trend -a Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.

Trend -un arayışı: Avqustun 17-də, saat 20.50 radələrində Bakıda, Ü.Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış olub və həmin vaxtdan hüquq-mühafizə orqanları istintaqla əlaqədar olaraq məscidin fəaliyyətini dayandırıblar.

Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq iki ədəd RQD-1 əl qumbarasını məscidin içərisinə atıb. Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr isə 3 nəfərin öldüyünü bildirir.

İşin istintaqı Bakı şəhər Prokurorluğuna tapşırılıb və faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

Astara şəhər sakini, 1986 -cı il təvəllüdlü Emin Aydın oğlu Rəsulov Bakının Əbu Bəkr məscidində baş vermiş partlayış faktında əli olması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. Onun Cinayət Məcəlləsinin 283.1 maddəsinə (milli, irqi və ya dini düşmənçiliyin təhriki) əsasən saxlanılması barədə qərar qəbul edilib.

Hacı Qamət qeyd edib ki, Ramazan ayı başlayır və məscidin fəaliyyətinin bərpa olunması vacibdir.

"Məscidin bağlanması baş verən terror hadisəsinin istintaqı ilə bağlıdır. Mən iki gün ərzində məscidin qapılarının açılması üçün bu işlə məşğul olan şəxslərlə danışıqlar aparacam. Əgər cümə gününə qədər oranın fəaliyyətini bərpa edə bilməsək, çalışacağıq ki, Ramazan ayı başlayana qədər məscidə qayıdaq", - deyə məscidin imamı əlavə edib.

Onun sözlərinə görə, tez-tez məscidə baş çəkir və ona məsciddə olan otağına daxil olmağa icazə verilir.

Məscidin imamı səhhətinin normal olduğunu və hadisə baş verən zaman aldığı qəlpə yaralarının sağaldığını, sərbəst hərəkət etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti