...

Azərbaycanda əfv olunmuş 86 məhkum bu gün azadlığa buraxılıb

Cəmiyyət Materials 27 Avqust 2008 13:53 (UTC +04:00)
Azərbaycanda əfv olunmuş 86 məhkum bu gün azadlığa buraxılıb

Azərbaycan, Bakı, 27 avqust / Trend , K.Zərbalıyeva/ Azərbaycan prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı əfv fərmanının çərşənbə günü günün birinci yarısında icrası başa çatıb.

Ədliyyə Nazirliyinin (ƏN) rəhbərliyinin tapşırığı ilə Penitensiar Xidmət (PX) tərəfindən yaradılan dörd qrup fərmanın icrası ilə bağlı cəzaçəkmə müəssisələrində olub. Trend -un əməkdaşı qruplardan biri ilə 1, 6, 10 saylı cəzaçəkmə müəssisələrində və uşaq tərbiyə müəssisəsində fərmanın icrasında iştirak edib.

Trend -un əməkdaşının verdiyi məlumata görə, icra mərasimində iştirak edən PX-nin rəis müavini Hüseyn Əlixanov bildirib ki, sayca 45-ci olan sonuncu əfv fərmanı 96 nəfərə şamil olunub. Onlardan 10 nəfəri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cazalara məhkum edilənlərdir.

Rəis müavini deyib ki, əfv fərmanı çəzasının yarıdan çoxunu çəkən, törətdiyi cinayəti etiraf edən və əməllərindən peşman olan, cəza çəkdiyi müddətdə özünü nümunəvi aparan məhkumlara şamil edilib.

ƏN-nin Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov deyib ki, əfv olunan şəxslərin 86 nəfəri cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardır. 10 nəfər isə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzaya məhkum olunan şəxslərdir ki, onlardan 3 nəfəri şərti, 3-ü cərimə cəzası almış, 4 qadın isə barəsindəki məhkəmə qərarı təxirə salınmış şəxslərdir.

Əfv fərmanı ilə uşaq tərbiyə müəssisəsindən 2 məhkum, 1 saylı müəssisədən 2 məhkum (onlardan biri 15 il azadlıqdan məhrum edilmiş keçmiş Milli Qəhrəman Rasim Əkbərovdur), 6 saylı müəssisədən 3 məhkum azadlığa buraxılıb.

Qeyd olunan fərman tətbiq olunan şəxslərin ən gənci 17 yaşlı Yusif Quliyev, ən yaşlısı isə 77 yaşlı Əziz Hüseynovdur.

1994-cü ildən  indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-i isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək  imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub.

Əfv fərmanının icrasında hüquq müdafiəçiləri, KİV nümayəndələri, Əfv Komissiyasının üzvləri, ombudsman Elmira Süleymanova, ƏN-nin və PX-nin əməkdaşları iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti