...

Azərbaycanda dövlətin idarəçilik formasını qəbul etməyən radikal dini qüvvələr var -Dövlət Komitəsinin sədr müavini

Cəmiyyət Materials 9 Sentyabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir İ.Əlizadə, C.Babayeva/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, ölkədəki radikal dini qüvvələrin arxasında xarici təsirlər dayanır.

"Azərbaycanda ənənəvi olaraq, bu tipli radikal dini qruplaşmalar yaranmayıb. Bu, bəzi hallarda xaricdən istiqamətlənib", - çərşənbə axşamı Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.

Trend -un arayışı: Avqustun17- də Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu -Bəkr məscidində partlayış törədilib. Nəticədə, iki nəfər ölüb, 18 nəfər yaralanıb. Milli Təhlükəsizlik Nazrliyi partlayışın "Meşə qardaşları" radikal dini qruplaşması tərəfindən törədildiyini açıqlayıb.

Əsgərov deyib ki, dini radikal qruplara kömək edən, onları istiqamətləndirən qüvvələr ayrı - ayrı dövlətlərə bağlı deyillər, transmilli qüvvələrdir.

"Bəzən bu və digər radikal qrupların fəaliyyəti hansısa ölkənin maraqlarına uyğun gələ bilər. Eyni zamanda, ola bilər ki, hansısa dövlət, maraqlarına uyğun olduğuna görə, həmin qüvvəyə kömək etsin",- Əsgərov əlavə edib.

Onun fikrincə, Azərbaycanda radikal dini qüvvələr olsa da, onların sayı çox azdır. Əsgərov deyib ki, bölgə ölkələri arasında dini radikal qüvvələrin az olduğu dövlət Azərbaycandır.

"Hətta Qərbi Avropa və Amerika cəmiyyətləri ilə müqayisədə, Azərbaycanda bu cür radikal meyllərin təsirinə düşən insanlar azdır. Çox olmasa da, belə qüvvələr var. Hətta onlar Azərbaycanın mövcud dövlət idarəçilik formasını qəbul etməmək həddinə qədər radikal olurlar. Lakin onlar bir o qədər də böyük problem və gərginlik yaratmırlar. Çünki onlar hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır və lazım gələndə, onların fəaliyyətlərinin qarşısı alınır".

"Meşə qardaşları" ilə bağlı məsələyə aydınlıq gətirən Komitə nümayəndəsi qeyd edib ki, bu icma deyil, qruplaşmadır. Onun sözlərinə görə, bu cür qruplaşmalar dövlət qeydiyyatı üçün müraciət etmirlər: "Vaxtilə bu cür qruplaşmalar olub və məhkəmə məsuliyyətinə cəlb ediliblər. Belə qruplaşmaların sayı çox deyil".

Əbu -Bəkr məscidinin bağlanması ilə bağlı müraciəti yalnız mətbuatdan oxuduğunu deyən Əsgərov əlavə edib ki, bir qrup şəxsin rəyi ilə məscidin bağlanıb - bağlanmaması haqqında qərar qəbul edilmir.

"Hər hansı bir məscidin icmasının fəaliyyəti yalnız məhkəmənin qərarı ilə dayandırıla bilər. İctimai təhlükə və başqa səbəb olarsa, hər hansı məscidin bağlanılması qərarı qəbul edilə bilər. Hətta bu, məscidin icması ilə əlaqədar olmaya da bilər. İcmanın fəaliyyətinin dayandırılması və məscidin bağlanması ayrı - ayrı məsələlərdir", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti