...

Gürcüstanın əlli Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb

Cəmiyyət Materials 24 Sentyabr 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədilə ilkin olaraq əlli Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb. Bu barədə çərşənb günü Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Trend -un arayışı: Qeyri-rəsmi məlumata görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbaycanlılar əsasən Kvemo-Kartle (Borçalı) bölgəsində məskunlaşıb. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə 124 Azərbaycan məktəbi fəaliyyət göstərir və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır.

Gürcüstanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar 2009-cu ildə bu ölkədəki məktəblərdə buraxılış olmayacaq. Ona görə də Azərbaycan məktəblərindəki bu kurslarda təhsil alan gənclərin gürcü dilini daha yaxşı mənimsəməsi üçün qarşıda 2 il vaxt var.

Məlumatda qeyd olunub ki, 50 məktəbdə açılan kursa təxminən 1000 şagird cəlb olunub. Onlar əsasən yuxarı sinif şagirdləridir. Bundan başqa, bu il Azərbaycan məktəblərini bitirmiş və məhz gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də bu kurslarda dil öyrənəcəklər: "Gürcü dilini öyrənəcək şagirdlər yaşa görə qruplara ayrılacaqlar. Kurslar həftədə 3 dəfə, şagirdlərin məktəbdəki dərs saatı başa çatandan sonra keçiriləcək. Lakin gələcəkdə gürcü dili dərslərinin sayını artırmaq barədə təklif nəzərdən keçirilir".

Məlumatda bildirilib ki, kurslarda həm gürcü, həm də gürcü dilini bilən azərbaycanlı müəllimlər dərs deyirlər. Onların əmək haqqı bu layihə üçün ayrılmış vəsait hesabına ödənəcək. Ilk olaraq kursların açılan 50 məktəb Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı 6 əsas bölgənin hamısını - Tbilisi şəhəri, Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonlarını və Rustavi şəhərini əhatə edir.

Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək məqsədilə Alı Musayev və Novruz Bayramovun müəllifliyi ilə hazırlanan və hərəsindən 2 min nüsxə çap olunan "Gürcü dilini öyrənənlər üçün dərslik", "Gürcücə-Azərbaycanca danışıq lüğəti" və "Gürcü dilinin qrammatikası" kitabları da həmin kurslara paylanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti