...

Azərbaycan yığmasında ancaq azərbaycanlı futbolçular çıxış edəcəklər – AFFA-nın baş katibi

Cəmiyyət Materials 6 Oktyabr 2008 13:29 (UTC +04:00)
Azərbaycan yığmasında ancaq azərbaycanlı futbolçular çıxış edəcəklər – AFFA-nın baş katibi

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun Trend -a müsahibəsi.

- Elxan müəllim, futbolun inkişafı naminə Bakıda klubların sayını azaldıb, rayonlarda komandaların sayını daha da artırmaq olmazmı?

- Biz ilk gündən çalışırıq ki, təkcə Bakıda yox, regionlarda da futbol sürətlə inkişaf etsin. Yadınızdadırsa, təklif etmişdik ki, paytaxtda olan klublar təkcə Bakıda qeydiyyatdan keçməsinlər. Biz istəyirik ki, Şüvəlanı, Biləcərini, Keşləni təmsil edən komandalar da olsun. Belə olan halda, Bakıda tədricən 6-7 yox, 3-4 klub qalsın.

- Azərbaycan yığma komandası oktyabrın 11-də səfərdə DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Finlandiya ilə görüşəcək. Bu oyundan hansı nəticəni gözləyirsiniz?

- Çətin oyun olacaq. Düzdür, biz həmişə yaxşı nəticə qazanacağımıza ümid etməliyik. Sizə səmimi deyim ki, Finlandiya Almaniya yığmasının qapısına üç qol vurubsa, bu çox güclü komandadır.

- Azərbaycan yığma komandasında çoxlu sayda milliləşdirilmiş əcnəbi futbolçular çıxış edirlər. Necə hesab edirsiniz, gələcəkdə yığmada bu cür əcnəbi oyunçuların sayını azaltmaq mümkün olacaqmı?

- Özünüz də görürsünüz ki, yığmanın baş məşqçisi Berti Foqts artıq komandaya gənc futbolçuları cəlb edib. Ümid edirəm ki, 2-3 ildən sonra milli komandada ancaq azərbaycanlı futbolçular çıxış edəcəklər.

- "Qəbələ" klubunda çıxış edən iranlı futbolçu Fərzad Hatəmi Azərbaycan yığmasında çıxış etməkdən imtina edib. Sizin bu futbolçu ilə bağlı "Görünür, o, özünü fars hesab edərək bu addımı atıb" söyləməniz mətbuatda birmənalı qarşılanmadı...

- Bəli, mən demişəm ki, Hatəmi milliyyətcə azərbaycanlıdırsa, Azərbaycanın milli komandasında da oynamalıdır.

- Amma özünüz də bilirsiniz ki, İrandakı siyasi rejim Hatəminin Azərbaycan komandasında çıxış etməsinə problem yarada bilər...

- Bu, artıq onun qərarıdır. Hatəmi milliyyətcə azərbaycanlıdırsa, sevinməlidir ki, onu Azərbaycan komandasına dəvət ediblər. Özü də hazırda Azərbaycanda yaşayır.

- Bu promlemi həll etmək üçün Hatəminin atasını Azərbaycana dəvət etmək fikrindəsiniz?

- Bəli, bu futbolçunun atasını Azərbaycana dəvət etmişik. Özü də dəvətimizi qəbul edərək, bura gəlməyə razılıq verib. Biz bu məsələni telefon əlaqəsi yaratmaqla həll etmək istəmirik. Gəlsin, söhbət edəcəyik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti