...

Azərbaycanın "Simurq" futbol klubu "İnter"ə məğlubiyyətin əvəzini qələbə qazanmaqla çıxacaq - klub prezidenti

Cəmiyyət Materials 6 Oktyabr 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" futbol klubunun prezidenti Zaur Məmmədov hesab edir ki, Premyer-Liqanın birinci dövrəsində məğlub olduqları "İnter"in cavabını qələbə qazanmaqla verəcəklər.

"Premyer-Liqanın ikinci dövrəsində "İnter"lə növbəti dəfə oynayacağıq. Ümid edirəm ki, "İnter"ə məğlubiyyətin əvəzini qələbə qazanmaqla çıxacağıq", bazar ertəsi Trend -a klubun prezidenti deyib.

Trend -un arayışı: "İnter" klubu ilə "Simurq" arasında keçirilən oyunlar həmişə söz-söhbətə səbəb olub. Bu iki komandanın eyni sponsorlar tərəfindən maliyyələşdirilməsi haqqında söz-söhbətin yaranması Peşəkar Futbol Liqasının (PFL) bir müddət əvvəl Qaxda keçirilən oyunu izləmək üçün xüsusi komissiya göndərməsinə səbəb olub. Həmin oyunda "İnter" klubu 2:0 hesabı ilə qələbə qazanıb.

Klub prezidenti "Simurq"un dünən açılışı olan yeni stadionu ilə bağlı fikirlərini bildirərək deyib ki, arena iki il müddətinə tikilib.

"Hələ stadionda görüləcək işlər çoxdur. Planımızda var ki, stadionda ikinci tribunanı da tikdirək. Çünki azarkeşlərimizin sayı çoxdur, yerləşdirmək çətindir", - deyə Məmmədov əlavə edib.

"Simurq" klubunun Zaqatalada yerləşən yeni stadionu 3500 sayda azarkeş üçün nəzərdə tutulub. Stadionun açılışında "Simurq" "Karvan" komandası ilə görüşərək, 2:0 hesabı ilə qələbə qazanıb.

Məmmədov deyib ki, yeni stadionun meydançasının ot örtüyündən yox, süni örtükdən hazırlanmasının səbəbi yağışlı hava şəraiti ilə əlaqədardır.

"Zaqatala elə bir yerdir ki, bura ilin on ayı yağış yağır. Yağışlı şəraitdə ot örtüyünü qorumaq çox çətindir. Amma stadionumuzun arxa hissəsində ot örtüyü olan meydança tikdirəcəyik. Bu, oyunlarını ot örtüyü olan stadionlarda keçirən komandalarla görüşlərə daha yaxşı hazırlaşmaq üçün lazımdır", - Məmmədov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti