...

Dağlıq Qarabağ işğal altında olduğundan əhalinin siyahıyaalınmasından kənarda qalacaq – Azərbaycanın Dövlət Statistika Komitəsi

Cəmiyyət Materials 11 Noyabr 2008 13:08 (UTC +04:00)
Dağlıq Qarabağ işğal altında olduğundan əhalinin siyahıyaalınmasından kənarda qalacaq – Azərbaycanın Dövlət Statistika Komitəsi

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Dövlət Statistika Komitəsi (DSK) 2009-cu ildə də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda əhalinin siyahıyaalınmasını təşkil edə bilməyəcək.

"Dağlıq Qarabağda 1999-cu ildə də siyahıyaalma aparılmayıb. Bu səbəbdən də Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin sayında 1989-cu ilin statistikası əsas götürülərək onların 120 min nəfər olduğunu qeyd edirik", - deyə Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini icra edən Arif Vəliyev çərşənbə axşamı Milli Məclisdə çıxışında bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

DSK-nın 1999-cu ildə keçirdiyi siyahıyaalmada isə Dağlıq Qarabağ istina olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığı məlum olub.

DSK-nın sədr əvəzinin sözlərinə görə, Azərbaycanda 2009-cu ildə keçiriləcək əhalinin siyahıyaalınması tədbirlərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

"Statistika Komitəsi tərəfindən təşkilati plan hazırlanır. Plana uyğun olaraq rayonlaşdırma strukturları, seçici məntəqələri formalaşdırılacaq. Əhalinin siyahıyaalınmasına ümumilikdə 30 minə yaxın işçi cəlb olunacaq", - deyə Vəliyev bildirib.

O, siyahıyaalmaya hazırlıq zamanı qarşıya çıxan problemlərdən də danışıb. "Siyahıyaalma prosesinə hazırlıqla əlaqədar qarşıya çıxan əsas problem şəhər təsərrüfatı ilə bağlıdır. Küçələrin adlarının olmaması, binaların nömrələnməməsi sxematik planların tərtibinə maneə yaradır", - deyə Vəliyev bildirib.

Vəliyev gələn il keçiriləcək siyahıyaalmada verilən sualların sayı iki dəfə artaraq 17-dən 35-ə çatdırılacağını bildirib. "Bu suallar əsasən vətəndaşların ev şəraiti, məşğuliyyəti ilə bağlıdır", - o deyib.

Azərbaycanda keçirilən siyahıyaalmalarda etibarlılıq 97-98% təşkil edir.

DSK-nın məlumatına görə, Azərbaycan əhalisinin sayı 8,8 mln. nəfərə yaxındır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti