Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası sabah Albaniya yığmasına qarşı keçirəcəyi oyuna tam hazırdır.
"Albaniya ilə oyuna tam hazırıq", yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqts çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
Baş məşqçi deyib ki, yığma Albaniya ilə oyunda qələbə qazanmağa çalışacaq.
"Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Albaniya sonuncu oyunda Portuqaliya yığması ilə heç-heçə oynayıb. Rəqibimizin oyunçuları Almaniya, İsveçrə və başqa ölkələrdə çıxış edir. Bu onların güclü komanda olmasından xəbər verir", - deyə Foqts əlavə edib.
Foqts hesab edir ki, bəzi yığma üzvlərinin komandadan kənarda qalması problem yaratmayacaq.
"Çox təəssüf ki, Kamran Ağayev, Fabio Luis Ramim, Aqil Nəbiyev və Rail Məlikov müxtəlif səbəblərdən sabahkı oyunda iştirak edə bilməycək. Amma elə də böyük problem yaranmayacaq. Bu gənc oyunçulara özlərini göstərmək üçün yaxşı şansdır".
Baş məşqçi azarkeşlərə borclu qaldığını da deyib.
"Lixtenşteynlə oyundan sonra azarkeşlərə borcumuz qalıb. Sabahkı oyunda bu borcumuzdan çıxmağa çalışacağıq".
Sentyabr ayında Bakıda keçirilən Azərbaycan - Lixtenşteyn oyunu 0:0 hesabı ilə başa çatıb.
Foqts fevral ayında Azərbaycan yığma komandasının baş məşqçi təyin olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]