...

"Əbu Bəkr" məscidinin icması Avropa Məhkəməsinə müraciət edəcək

Cəmiyyət Materials 18 Noyabr 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan məhkəmələri "Əbu Bəkr" məscidinin yenidən açılması haqqında qərar qəbul etməsə, məscidin dini icması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək.

"Noyabrın 19 - da Nərimanov rayon Məhkəməsində "Əbu Bəkr" məscidinin açılması ilə bağlı növbəti proses keçiriləcək. Məhkəmə məscidin açılması haqqında qərar qəbul etməsə, Appelyasiya, daha sonra isə, Ali Məhəkəmə müraciət edəcəyik. Son instansiya kimi Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırırıq", - çərşənbə axşamı Trend - a "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.

Trend - un arayışı: Bu il avqustun 17-də, təqribən saat 20.50-də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı "Əbu Bəkr" məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar "Əbu Bəkr" məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Süleymanov qeyd edib ki, bəzi qüvvələr məscidin açılmasını planlı şəkildə uzadırlar. Onun sözlərinə görə, həmin qüvvələr açıq şəkildə fəaliyyət göstərmirlər, öz palanlarını ortaya atdıqları müəyyən şəxslər vasitəsi ilə həyata keçirirlər.

"Məscidin bağlı qalmasına heç bir səbəb yoxdur. Biz çalışırıq ki, öz hüquqlarımızı bərpa edək və məscid açılsın. Yəqin ki, bizim fəaliyyətimiz kiminsə xoşuna gəlmirdi. Çünki "Əbu Bəkr" də ibadət etməyə çoxlu insan gəlirdi. Hüquqlarımızın bərpası uğrunda sona qədər qanun çərçivəsində və sivil yolla mübarizə aparacağıq. Biz "Əbu Bəkr" in bağlanması ilə razılaşmaq niyyətində deyilik", - deyə o vurğulayıb.

Süleymanov bildirib ki, "Əbu Bəkr" in dini icması olan "Nərimanov rayon dindarlarının dini icması" evlərdə və müxtəlif məscidlərdə fəaliyyətini davam etdirir.

"Məscid olsa da, olmasa da, biz fəaliyyətimizi davam etdirəcəyik. İnsanları dinə dəvət edəcəyik. Lakin məscidin ibadət edən insanlar üçün böyük əhəmiyyəti var"

Süleymanov rəhbərlik etdiyi dini icmanın və məscidin xarici ölkələrdən maliyyə yardımı alması haqqında məlumatları təkzib edib. O deyib ki, "Əbu Bəkr" məscidinin yalnız kommunal xərcləri olub. Bu da məscidə gələn insanların hesabına ödənilib.

"Biz siyasi partiya və böyük təşkilat deyilik ki, ciddi xərclərimiz olsun və xaricdən maliyyə alaq. Bəzi qüvvələr "Əbu Bəkr"lə bağlı məsələni siyasiləşdirir və şişirdirlər. Biz heç vaxt radikal mövqe tutmamışıq və dövlətə qarşı çıxmamışıq", - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti