...

Niderlandda Azərbaycan rəssamlarının sərgisi təşkil edilib

Cəmiyyət Materials 23 Dekabr 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23  dekabr / Trend , müxbir C.Babayeva/ Haaqa şəhərinin ən tanınmış qalereyalarından biri "Reqentkamera"da Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Azərbaycan Qadınları İttifaqı və yeni yaradılmış "Azərbaycanın Holland Dostları" Cəmiyyəti ilə birlikdə Azərbaycan rəssamlarının sərgisi təşkil edilib.

Qalereyanın rəhbəri, Haaqa Bələdiyyə Şurasının üzvü Aleksandr Burgers Niderland cəmiyyətində Azərbaycanın mədəniyyətinə böyük maraq olduğunu bildirib və gələcəkdə yerli sakinlərin Azərbaycanın çoxşahəli mədəniyyətinin nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklərinə ümid bəslədiyini vurğulayıb.

"Ana Vətən" təşkilatının vitse - prezidenti Maisə Ağamirzəyeva sərgi iştirakçılarına Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat verib,  toplaşanları Niderlandda məskunlaşmış Azərbaycan rəssamları Rasim Hüseynov, Vəfa Rüstəmova,  Elman Əliyev və Lena Sanginin əsərləri ilə tanış edib.

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin birinci katibi Elçin Bəşirov Haaqa şəhər Bələdiyyəsinə, "Ana Vətən" Qadınları İttifaqına və "Azərbaycanın Holland Dostları" Cəmiyyətinə Azərbaycan incəsənətinin yüksək səviyyədə təbliğinə görə minnətdarlıq edib. Səfirliyin əməkdaşı belə tədbirlərin silsilə xarakterli olacağına ümid bəslədiyini vurğulayıb.         

Haaqa Merinin mədəniyyət məsələləri üzrə müavini xanım Marika Bolle Niderland -Azərbaycan ikitərəfli mədəniyyət əməkdaşlığının genişləndirilməsindən məmnun olduğunu   bildirib, bələdiyyənin Azərbaycanla bağlı tədbirlərin keçirilməsini dəstəkləyəcəyini qeyd edib.

Tədbir iştirakçıları Niderlandda yaşayan həmvətənimiz, opera müğənnisi Adil Abdullayevın ifasında Azərbaycan bəstəkarlarının əsərlərini də maraqla dinləyiblər.

Tədbirin sonunda verilmiş ziyafətdə qonaqlara ölkəmizin zəngin mətbəxinin nümunələri təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti