...

Qarşılıqlı yayıma dair razılıq əldə olunsa, Amerika radiostansiyalarının Azərbaycanda yayımı bərpa oluna bilər-şura sədri

Cəmiyyət Materials 26 Yanvar 2009 17:35 (UTC +04:00)
Qarşılıqlı yayıma dair razılıq əldə olunsa, Amerika radiostansiyalarının Azərbaycanda yayımı bərpa oluna bilər-şura sədri

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) hesab edir ki, Amerika radiostansiyalarının ölkənin milli tezliyində yayımının bərpası qarşılıqlı yayıma dair saziş əsasında mümkündür.     

"Qarşılıqlı yayıma dair hər iki tərəfi qane edə biləcək razılıq əldə olunsa, Amerika radiostansiyalarının Azərbaycanda yayımı bərpa oluna bilər", -  bazar ertəsi Trend -a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend - un arayışı: ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün jurnalistlərə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun (BBG) "Amerikanın Səsi" və "Azadlıq" radiostansiyalarının yayımının bərpası ilə bağlı öz təkliflərini Azərbaycan tərəfinə təqdim etdiyini bildirib.

Qarşılıqlı yayımın müzakirəsi üçün Amerikadan nümayəndə heyəti fevralın əvvəllərində Azərbaycana səfər edəcək.

Milli Televiziya və Radio Şurasının qərarı ilə, yanvarın 1-dən "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımı dayandırılıb. Azərbaycanın "Televiziya və Radio yayımı haqqında" Qanununa əsasən, xarici radiostansiyalar ölkənin milli tezliklərində yayımlana bilməz. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT - in Bakı ofisi və digər beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılmasından narahatlıqlarını bildiriblər və MTRŞ-nı qərara yenidən baxmağa çağırıblar.

Məhərrəmli bildirib ki, Amerika radiostansiyalarının milli tezlikdə yayımının bərpası ilə bağlı danışıqlar hökümətlər səviyyəsində aparılır. "Amerika tərəfinin təklifi Şuraya daxil olan kimi qiymətləndirilmə aparılacaq", - MTRŞ sədri deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti