...

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı kompensasiyanın verilməsi gecikdirilir

Cəmiyyət Materials 16 Fevral 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Şəki, 16 fevral / Trend , müxbir X.Əkbərova/ Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı Oğuz rayonundan olan 2131 torpaq sahibi onlara verilməli olan kompensasiyanı ala bilmir.

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov bazar ertəsi Trend -a bildirib ki, İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qazıntı işləri aparılır.

Onun sözlərinə görə, kəmərin keçdiyi torpaqların qiymətləndirilməsi ilə bağlı aidiyyatı strukturların nümayəndələrindən ibarət komissiya işini ötən ilin sentyabrında yekunlaşdırıb və sənədlər Maliyyə Nazirliyinə təqdim olunub.

İcra başçısının müavini deyib ki, bu günədək torpaq sahibləri onlara verilməli olan kompensasiyanı ala bilməyib.

Yusifovun sözlərinə görə, yanvarın 22-dən Maliyyə Nazirliyinin nümayəndələri torpaq haqqının ödənilməsi və  ya digər sahələrlə əvəzlənməsi, kompensasiya verilməsi ilə bağlı siyahı və xəritə üzrə dəqiqləşmə aparıblar.

"Komissiyanın təklif etdiyi torpaqlar sakinlərin yaşadığı ərazidən 30-40 km. məsafədə olduğundan, onlar torpağın əvəzlənməsindən narazı qalıblar.

Trend -un arayışı: Oğuz-Qəbələ su kəməri 8 rayonun ərazisindən keçir. Oğuzda 4200, Qəbələdə isə 140 ha torpaq sahəsi kəmərin keçdiyi əraziyə düşür. Oğuzda 2 şəxsi mülk və 2131 ailənin şəxsi mülkiyyətində olan torpaqlar da bu əraziyə düşür. Oğuzda nəzərdə tutulan 100 artezian quyusundan 40-ı artıq qazılıb.

Əsas hovuzların tikintisinə isə mayda başlanacaq.

2007-ci ilin mart  ayından inşasına başlanılan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin ilin sonunda yekunlaşması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti