...

Bakı 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan olunub

Cəmiyyət Materials 18 Fevral 2009 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir C.Babayeva/ Bakı 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan olunub.

Bu haqda qərar 2007-ci ilin noyabrında, Tripolidə İslam Konfransı Təşkilatının (İKT) üzv ölkələrinin mədəniyyət nazirlərinin V konfransında qəbul olunub.

Bakının rəsmən 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan edilməsi mərasimi çərşənbə günü Heydər Əliyev adına sarayda keçirilir.

Mərasimdə İSESKO-nun Baş katibi Əbduləziz bin Osmana əl-Tüveycri, islam ölkələrini təmsil edən dörd nazir və nazir müavini, beynəlxalq təşkilatların, Avropa mədəniyyəti paytaxtlarının, Linz və Bakının qardaş şəhəri Hyustonun nümayəndələri iştirak edirlər.

"Burada olmağımdan çox xoşbəxtəm. Biz məhz Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsinə sevinirik. Bununla əlaqədar sizin şəhərin sakinlərini təbrik edirəm", - Trend -a əl-Tüveycri deyib.

Çərşənbə günü həmçinin tədbirə həsr olunmuş veb-saytın təqdimatı da planlaşdırılır. Saat 16.00-da Muzey mərkəzində "Bakı" adlı fotosərgi açılacaq. Sərgidə həm azərbaycanlı, həm də əcnəbi fotoqrafların işləri nümayiş etdiriləcək.

Geniş tamaşaçı auditoriyasına Azərbaycanın tarixi və mədəniyyəti haqqında sənədli film təqdim olunacaq. Çərşənbə günü Nizami Gəncəvi adına Ədəbiyyat Muzaeyi və Abdulla Şaiq adına Kukla Teatrının qarşısında konsert təşkil ediləcək.

Çərşənbə günü, Bakı vaxtı ilə saat 21.00-da atəşfəşanlıq olacaq. Cümə gününə qədər bütün Azərbaycan muzeylərində "açıq qapı" günləri keçiriləcək.

Ümumilikdə, Bakının mədəniyyət ili çərçivəsində milli və beynəlxalq səviyyədə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti