Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün/
Azərbaycanın "Bakı" futbol klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacievski "Xəzər-Lənkəran"la kubok oyununda heç-heçəyə razıdır.
"Bakı" "Xəzər-Lənkəran"la oyunda qələbə qazanmaq üçün mübarizə aparacaq. Amma komandamızın bu görüşdə hesab açılmaqla heç-heçə etməsinə də razıyıq", - çərşənbə günü "Bakı" klubunun saytına açıqalamasında Hacievski deyib.
"Bakı" ilə "Xəzər-Lənkəran" arasında Azərbaycan kuboku çərçivəsində 1/4 final mərhələsinin ilk oyunu bu gün, Lənkəran şəhər stadionunda keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.
Hacievski "Xəzər-Lənkəran"ın güclü komanda olduğunu bildirib.
"Xəzər-Lənkəran" güclü komandadır və qış fasiləsində bu klubun heyətinə səviyyəli futbolçular cəlb olunub. Lakin bu amil bizim Azərbaycan kubokunu qazanmaqla bağlı planlarımıza heç bir təsir göstərməyəcək", - deyə baş məşqçi əlavə edib.
"Xəzər-Lənkəran" Azərbaycan kubokunun sonuncu qalibidir.
Hacievski əvvəllər Makedoniya və Azərbaycan yığma komandalarının baş məşqçisi olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]