...

İstanbulda türk dövlətləri və xalqlarının ləhcələrinin durumu müzakirə ediləcək

Cəmiyyət Materials 29 Mart 2009 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir C.Babayeva /

Türk dövlətləri və xalqlarının ləhcələrinin durumu İstanbulda müzakirə ediləcək.

TÜRKSOY tərəfindən 31 mart-5 aprel tarixlərində İstanbulda Maltəpə Universitetinin Marma Kongre mərkəzində "Türk ləhcələri arasında tərcümə işlərinin bugünkü durumu və qarşıya çıxan problemlər" Simpoziumu keçiriləcək, bazar günü Trend -a TÜRKSOY-un Baş Qərargahından məlumat verilib.

Tədbir TÜRKSOY təşkilatının və Maltəpə Universitetinin birgə fəaliyyəti və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TIKA-nın Gazi Universitetinin və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə təşkil olunur.

Simpoziumda TÜRKSOY-a hər üzv ölkədən 5 alim-ədəbiyyatçı-tərcüməçi iştirak edəcək. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Tatarıstan, Qaqauz Yeri, Krım və Türkiyədən 30 alim qatılacaq.  

Simpoziumda Azərbaycanı Yazıçılar Birliyinin sədri Anar Rzayevin başçılıq etdiyi beş nəfərlik heyət təmsil edəcək.

Simpozium Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadəyə ithaf edilib. Tədbir Vahabzadəni anma mərasimi ilə başlayacaq. 31 mart və 1 aprel tarixlərində simpozium, 2-5 aprel tarixlərində isə praktik tərcümə məşğələləri aparılacaq. Rəsmi açılışda Maltəpə Universitetinin rektoru professor Kemal Koymen, TÜRKSOY Genel müdiri Dusen Kaseinov, Turk Dil Kurumu Baskani Prof.Dr.Sukru Haluk Akalin, Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günay çıxışlar edəcəklər. 

Simpozium çərçivəsində TÜRKSOY-un rəsm sərgisi keçiriləcək.

Baş ofisi Ankarada yerləşən TÜRKSOY (Türk Kültür və Sənətləri Ortak Yönətimi) 1993-cü ildə Azərbaycan, Qazağıstan, Özbəkistan, Türkiyə və Türkmənistan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etməkdir. Təşkilat eyni zamanda, YUNESKO da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti