...

Azərbaycanda müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinə sənəd verənlərin əksəriyyəti İqtisadi İnkişaf Nazirliyində işləməyə maraq göstərir

Cəmiyyət Materials 13 Aprel 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir K.Zərbalıyeva /  

Azərbaycanda müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinə sənəd verənlərin əksəriyyəti İqtisadi İnkişaf Nazirliyində işləməyə maraq göstərir. Bu barədə Trend -a Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

"Sənəd verən 2822 namizəddən 801-i İqtisadi İnkişaf Nazirliyindəki vakant vəzifələrdə işləmək istədiyini bildirib", - məlumatda bildirilir.

Komissiya martın 6-dan aprelin 9-dək 29 dövlət orqanı üzrə müsabiqəyə təqdim edilmiş 639 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu aparıb.

Bu müddət ərzində Komissiyada 2822 namizəd qeydə alınıb. Onlardan 623-ü (22%) qadın, 2199-u (78%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 72 yaşındadır.

Namizədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (98 yerə qarşı 328 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (78 yerə qarşı 255 namizəd), Təhsil Nazirliyi (62 yerə qarşı 229 namizəd) və Gənclər və İdman Nazirliyindəki (49 yerə qarşı 144 namizəd) vakant vəzifələrdə işləməyə maraq göstərir.

Bu beş dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 62%-ni təşkil edir.

Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə orta hesabla iddia edən namizədlərin sayına görə ilk yeri Müəllif Hüquqları Agentliyi tutur. Belə ki, bu dövlət orqanı müsabiqəyə cəmi üç vəzifə təqdim etsə də, 110 namizəd qeydə alınıb. Yəni 1 yerə qarşı orta hesabla 36,67 namizəd qeydə alınıb.

Müsabiqədə bir vakant vəzifə ilə iştirak edən Dövlət Dəniz Administrasiyası üzrə heç bir namizəd qeydə alınmayıb.

Sənəd qəbulunda ən aşağı müsabiqə vəziyyəti isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 yerə qarşı orta hesabla 0,96 nəfər) üzrə olub.

İmtahana buraxılış vərəqələrinin verilməsi aprelin 21-dən 24-dək həyata keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsi aprelin 25-də keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə müsabiqəyə çıxarılmış 23 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu isə aprelin 18-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti