...

Azərbaycanda "ekstazi" işində ittiham olunan dəstənin bir neçə üzvü azadlığa buraxılıb

Cəmiyyət Materials 17 Aprel 2009 16:14 (UTC +04:00)
Azərbaycanda "ekstazi" işində ittiham olunan dəstənin bir neçə üzvü azadlığa buraxılıb

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakının sabiq prokuroru Ədalət Mirsalamovun, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun və xalq artisti İlhamə Quliyevanın övladlarının da daxil olduğu 14 nəfərlik dəstənin üzvlərinə cəza verilib.

Trend -a Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən verilən məlumata görə, cümə günü keçirilən prosesdə məhkəmənin hökmü ilə dəstənin 5 üzvü məhkəmə zalından azad olunub.

Trend -un arayışı: Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev, Ruslan Rüstəmov və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ötən ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan "ekstazi" aşkarlanıb.

Dəstə üzvləri Yalçın Həsənova 8, Həsən Həsənova 7 il 3 ay, Ruslan Rüstəmova 7 il 3 ay, Ruslan Zalıyevə 2, Vüqar Əliyevə 2, Cavid Əliyevə 2, Zubayə Qulamiyə 6 il, Əli İsmayılova 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Orxan Nadirova 11 ay, Kamilə Eyvazovaya 10 ay, Ramin Həsənova 10 ay, Elşən Budaqova 9 ay, Mirəli Əliyevə 9 ay cəza verilib və onların həbsdə olduqları müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunublar.

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməli Cinayət Məcəlləsinin cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə (307) maddəsi ilə tövsif olunub.

Ötən proseslərdə məhkəmə Mahir Mirsalamlının ağır xəstə olmasını əsas gətirərək onun barəsindəki cinayət işini ümumi işdən ayırmaq və cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti