Azərbaycan, Bakı, 02 may / Trend , müxbir K.Zərbalıyeva /
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin yekununda dövlət qulluqçularının ixtisas artırması üçün sifarişlər hazırlanacaq.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov şənbə günü Trend -a bildirib ki, yaxın günlərdə "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları" təsdiq olunacaq.
Komissiya rəhbərinin sözlərinə görə, qiymətləndirmə nəticəsində dövlət qulluqçusunun ixtisas üzrə yenidən hazırlanmasına, hansısa biliklərin əldə edilməsinə ehtiyacları müəyyən olunacaq.
"Komissiya bütün dövlət orqanlarına ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı müraciət edib. Yəni dövlət orqanı neçə dövlət qulluqçusuna və hansı mövzuda ixtisasartırmaya ehtiyacı olduğu barədə bizə məlumatlar təqdim edəcək. Bu proses yekunlaşandan sonra toplanmış məlumatlar komissiya tərəfindən ümumiləşdiriləcək", - deyə Xəlilov vurğulayıb.
Komissiya rəsmisi qeyd edib ki, bu proses ilin sonunadək yekunlaşacaq.
"Nazirlər Kabineti "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nı təsdiq edib. Həmin qaydalar 2010-cu ildə qüvvəyə minəcək. Bu vaxtadək komissiya həmin məlumatları toplamaq istəyir. İxtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunmalıdır və bu əsasla sifarişlər veriləcək", - deyə Xəlilov bildirib.
Komissiya sədri qeyd edib ki, qiymətləndirmə aparılarkən dövlət qulluqçularına yanaşma eyni olmalıdır və eyni standartlar tətbiq olunmalıdır. Qiymətləndirmə zamanı tətbiq olunacaq meyarlara gəlincə isə, komissiya sədri bildirib ki, meyarlar vəzifələrdən asılı olaraq müəyyən olunacaq.
"İlk növbədə dövlət qulluqçusunun gördüyü işin keyfiyyəti, həmin işi hansı müddətdə gördüyü, bilikləri, kollektivdə ünsiyyəti, liderlik keyfiyyətləri və s qiymətləndiriləcək", - Xəlilov qeyd edib.
Qiymətləndirmə nəticəsi fəaliyyəti kafi qiymətləndirilən dövlət qulluqcusunun dövlət qulluğundan azad olunmasına əsas vermir. Xəlilov deyib ki, qiymətləndirmə dövlət qulluqçusunun peşəkarlığını müəyyən edir.
"Qiymətləndirmə dövlət qulluqçusunun zəif tərəflərinin aradan qaldırılmasına xidmət edir. Attestasiya nəticəsində dövlət qulluqçusunun fəaliyyətinə xitam verilə bilər. Hesab edirəm ki, müsabiqə ilə dövlət qulluğuna gələnlərin attestasiyasına ehtiyac yoxdur. Həmin dövlət qulluqçularının 3 ildən sonra vəzifədə yüksəlişi barədə zərurət yarana bilər və onların fəaliyyəti qiymətləndirilməlidir. Attestasiya müsabiqədən əvvəl dövlət qulluğuna qəbul olunanlara aid edilə bilər", - deyə komissiya sədri vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]