...

Konstitutsiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna cavab verib

Cəmiyyət Materials 18 May 2009 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K.Zərbalıyeva /

Konstitutsiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin apellyasiya şikayəti və apellyasiya protestinin verilməsini nəzərdə tutan maddəsinin şərh edilməsi ilə bağlı Baş Prokurorluğun sorğusu barədə qərar qəbul edib.

Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsi apellyasiya şikayəti və ya apellyasiya protestinə baxılması hüdudlarını müəyyən edir.

Hökmdən kassasiya şikayəti və ya kassasiya protesti verilərkən məhkəmə məhkumun vəziyyətini ağırlaşdıran qərar qəbul edə bilməz. Apellyasiya şikayəti və ya protestində bu qayda nəzərdə tutulmayıb. Baş Prokurorluq sorğusunda apellyasiya protesti verilərkən məhkumun cəzasının artırılması tələbinin qoyulub-qoyulmamasının aydınlaşdırılmasını xahiş edib.

Konstitusiya Məhkəməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə şərh verən məhkəmə qərarında qeyd edilib ki, əgər məhkum olunmuş şəxs apellyasiya şikayəti veribsə, Apellyasiya Məhkəməsi onun cəzasını ağırlaşdıran qərar qəbul edə bilməz.

Prokurorluq hökmdən məhkumun cəzasının ağırlaşdırılması barədə apellyasiya protesti verdiyi halda, işə baxan hakimlərin yekdil qərarı ilə cəza ağırlaşdırıla bilər.

"Hakimlərdən biri xüsusi rəydə qalarsa, apellyasiya protesti ilə məhkumun cəzası ağırlaşdırıla bilməz", - Konstitusiya Məhkəməsindən bildirilib.

Konstitusiya Məhkəməsindən bildirilib ki, qeyd olunan maddəyə şərh verilərkən Fransa və Almaniya Məhkəmələrinə sorğu ilə müraciət edilib və onların təcrübəsindən yararlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti