...

BDU-nun ərazisində yerləşən "İlahiyyat" məscidinin heç bir qanuni sənədi yoxdur –rektor

Cəmiyyət Materials 26 May 2009 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Bakı Dövlət Universitetinin ərazisində yerləşən "İlahiyyat" məscidinin fəaliyyət göstərməsi ilə bağlı heç bir qanuni sənədi yoxdur.

"Bu məscidin 1992-ci ildə tikilməsi üçün universitet rəhbərliyindən heç bir razılıq alınmayıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyib", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Trend -un arayışı: "İlahiyyat" məscidinin fəaliyyəti müvafiq olaraq dayandırılıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib ki, müvafiq sənədləşmə işindən sonra paytaxtdakı "İlahiyyat" məscidi fəaliyyətini davam etdirəcək.

"Bakı Dövlət Universitetinin yaxınlığındakı "İlahiyyat" məscidi ilə bağlı heç bir təhlükə yoxdur. Məscid qeydiyyatdan keçəndən sonra fəaliyyətə başlayacaq", - daha öncə Media Mərkəzində "Dini etiqad haqqında" qanuna edilən son dəyişikliklər vicdan azadlığını məhdudlaşdırırmı?" mövzusunda keçirilən debatda Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib.

Buna baxmayaraq İsmayılov, BDU rəhbərliyi və ətrafda yaşayan sakinlər tərəfindən komitəyə və polisə məscidin ətrafına çoxlu sayda insanların yığışdığı barədə şikayətlər edilib.

Məhərrəmovun sözlərinə görə, məsciddə azan verilən zaman səsgücləndiricilərdən istifadə olunması universitetdə dərslərin normal keçirilməsinə də mane olur.

"Bundan əlavə, universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünlər də məscidin fəaliyyəti ilə bağlı həm bizə, həm də müvafiq qurumlara dəfələrlə müraciət ediblər", - rektor əlavə edib.

Millət vəkili deyib ki, onların məqsədi məscidin fəaliyyətinin tamamilə dayandırılması deyil. "Biz istəyirik ki, ilk növbədə məscidin fəaliyyəti qanuniləşdirilsin. Bununla yanaşı, məscidə namaz qılmağa çox adamın gəlməsi də müəyyən problem yaradır. Bütün bu məsələlər nizamlanarsa, bizim məscidin fəaliyyətini bərpa etməsi ilə bağlı heç bir etirazımız olmayacaq", - Məhərrəmov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti