Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycana radikal, ekstremist ruhlu dini çağırışlar Şimali Qafqazdan, İran və Əfqanıstandan gəlib.
"Şimali Qafqazdakı radikal dini qruplaşmaların Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən qruplara təsiri mümkündür. Son vaxtlar Azərbaycanda həbs olunan radikal qruplaşmaların üzvlərinin əksəriyyəti əvvəllər Şimali Qafqazdakı döyüşlərdə iştirak etmiş şəxslərdir. Orada döyüşən şəxslər arasında həmin qrup tərəfindən güclü təbliğat aparılıb", - çərşənbə günü Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.
Ötən il Azərbaycanda 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.
Əsgərovun sözlərinə görə, bu yönlü qrupların Azərbaycandakı radikal təmayüllü qüvvələrə təsiri əvvəl də olub, indi də var.
Trend -un arayışı: Hazırda Azərbaycanın bəzi diplomatik korpuslarında partlayışlar törətməyə cəhd edən radikal dini qruplaşmanın 20 radikal üzvünün məhkəməsi gedir.
Dövlət ittihamçısı Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev, Elşən Məmmədov, Vüqar Əliyev, Samir Mehrəliyevin hər birinə 15, İlkin İsmayılova 18, Tərlan Kərimov, Ramil Kərimov, Yaşar Məhərrəmov, Rövşən Əbdüləliyevin hər birinə 13 il, Şirvani Babayev, Samir Əliyev, Orxan Əlizadə, Ramin Cəlilov, Azər İbadovun hər birinə 12, Edqar Əliyev, Hacıbala Hüseynova 7, Şəhriyar Məhərrəmova isə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.
Adıçəkilən şəxslər dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]