...

Azərbaycan paytaxtı sakinlərinin 14 faizdən çoxu "donuz qripi" haqda xəbərsizdir - SORĞU

Cəmiyyət Materials 7 Avqust 2009 13:32 (UTC +04:00)
Azərbaycanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin “donuz qripi” haqqında nə dərəcədə məlumatlı olmasını müəyyənləşdirmək məqsədilə sorğu keçirib.
Azərbaycan paytaxtı sakinlərinin 14 faizdən çoxu "donuz qripi" haqda xəbərsizdir - SORĞU

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan paytaxtı sakinlərinin 14 faizdən çoxu "donuz qripi" haqda xəbərsizdir.

Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzi əhalinin "donuz qripi" haqqında nə dərəcədə məlumatlı olmasını müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

"Telefonla 500 Bakı şəhər sakini arasında keçirilən sorğu iştirakçılarının 17,6 faizi "donuz qripi" haddında məlumatları olduqlarını deyib", - Trend -un məlumatına görə, cümə günü keçirilən tədbirdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

Yaqubovanın sözlərinə görə, respondentlərin 68,2 faizi bu xəstəlik haqda qismən məlumatlı olduqlarını söyləyib. "Rəyi soruşulanların 14,1 faizi virus barəsində heç nə bilmədiklərini deyib. Maraqlıdır ki, "donuz qripi" haqda məlumatsız olanların böyük hissəsini (61,6 faizini) qadınlar təşkil edir. Bundan başqa ən məlumatsız olanlar təqaüdçülərdir", - mərkəz rəhbəri əlavə edib.

"Özünüzü və ailənizi "donuz qripi"ndən mühafizə etməyə hazırsınızmı" sualına respondentlərin 15,5 faizi tam hazır olduqlarını, 44 faizi qismən hazır olduqlarını bildirib. "Rəyi soruşulanların 14,3 faizi isə yoluxma təhlükəsi qarşısında aciz olduqlarını deyib. Əgər cavab verməkdə çətinlik çəkdiklərini deyənləri də nəzərə alsaq (26,2 faiz), belə qənaətə gəlmək olar ki, rəyi soruşulanların hər dördüncüsü (40,5 faizi) özlərini bu təhlükədən qorumağa hazır deyil", - Yaqubova vurğulayıb.

Mərkəz Bakı sakinləri arasında daha bir telefon soğusu keçirib: "403 respondentin 82,1 faizi fövqəladə hal zamanı lazımi kömək üçün təcili xidmətlərin telefon nömrələrindən hər hansı birini bildiklərini, 17,9 faizi isə bilmədiklərini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti