Azərbaycan, Bakı, 13 avqust / Trend ,muxbir K.Zərbalıyeva /
Azərbaycan Hökuməti "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları"nı təsdiq edib.
Nazirlər Kabinetindən cümə axşamı Trend -a verilən məlumata görə, Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədləri qurbanların hüquqlarının qorunmasını və onların aidiyyəti quruma təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, sosial reabilitasiyasını təmin edəcək səmərəli sistemin yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır.
Qaydalar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın yaradılmasını nəzərdə tutub.
Komissiyanın tərkibi Daxili, Milli Təhlükəsizlik, Təhsil, Səhiyyə, Ədliyyə, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət olacaq.
İdarələrarası komissiya insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirəcək.
Komissiyanın iclası ildə bir dəfədən az olmayaraq, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun yanında keçiriləcək.
Qaydalar insan alveri qurbanlarının hüquqlarının müdafiəsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənədə görə, qurbanlara göstərilən hüquqi yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Milli Koordinator Nazirlər Kabinetinə müraciət edə bilər.
Qurbanlara pulsuz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Qurbanların hər hansı tibbi müayinəsi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız onların razılığı əsasında həyata keçirilir.
Qurbanların psixoloji yardıma ehtiyacları təmin edilməlidir. Onlar kompensasiya almaq, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaldırmaq hüququna malikdirlər.
Daxili İşlər Nazirliyi nəzdində yaradılan İnsan Alveri Qurbanlarına Kömək Fondu tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qurbanlara kompensasiya ödənilir. Kompensasiya zərərçəkmişin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq ödənilir.
İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına, bu əmlak kifayət etmədikdə isə məhkəmənin qərarına əsasən Kömək Fondunun vəsaiti hesabına ödənilir.
Şəxsin insan alverindən zərər çəkməsi ehtimal olunduqda, yaxud insan alveri cinayətinin hazırlanması və ya törədilməsi digər qurumlar tərəfindən aşkar edildikdə, qurbanların təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardımın göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması məqsədi ilə bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməlidir.
Qurbanların və ya ehtimal olunan qurbanların başqa polis qurumuna, yaxud hüquq-mühafizə orqanına təhvil verilməsi qadağandır.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]