Azərbaycan, Baks, 14 avqust / Trend , muxbir H.Bağırov /
Azərbaycandakı tikinti şirkətinin rəhbərinə qarşı dələduzluq etmiş şəxs həbsdən azad edilib.
Bakı Apellyasiya Məhkəməsindən cümə günü Trend -a verilən məlumata görə, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluq etməkdə günahkar bilinən İsmayıllı rayon sakini Akif Səfər oğlu Məmmədovun sikayətinə baxılıb.
Məhkəmənin qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Məmmədova 8 il cəza verilməsi ilə bağlı çıxardığı hökmü ləğv edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, 4 il sınaq müddəti ilə Məmmədov şərti məhkum olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Məmmədov fermer təsərrüfat yaratmaq adı ilə Əliyevdən 290 min manat alaraq mənimsəmiş və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi) maddəsi ilə təqsirləndirilmişdi.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 300-dən çox vətəndaşın pulunu mənimsəyən "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Mehbarə Cəfərzadə, Asif Ələmov, İlkin Səfərov, Ramin Əliyev və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]