Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva /
"Gürcüstan erməniləri soyadlarını kütləvi şəkildə gürcü soyadları ilə əvəz edirlər", - Gürcüstan azərbaycanlılarının "Qeyrət" Milli Hərəkatının nümayəndələri bildirir. Onların fikrincə, bu proses ermənilərin böyük xəyalı olan "Böyük Ermənistan"ın yaradılması arzusunun bir hissəsidir.
"Bu proses hələ 1956-1986-cı illər ərzində həyata keçirilib. Bu gün Gürcüstanda gürcünü ermənidən seçmək mümkün deyil. Gürcüstanda 2004-cü ildə qəbul edilən qanuna əsasən, istənilən vətəndaş soyadını dəyişə bilər", - çərşənbə günü Bakıda "Qeyrət" Milli Hərəkatının İdarə Heyətinin üzvü Zümrüd Qurbanlı deyib.
Onun fikrincə, Gürcüstan bu məsələyə ehtiyatlı yanaşmalıdır.
"Erməni sayt və KİV-ləri mütəmadi olaraq Borçalı regionu barədə provokasiya xarakterli materiallar yayırlar", - "Qeyrət" Milli Hərəkatının sədri Əlibala Əsgərov deyib.
"Belə materiallarda onlar hətta Borçalı (Kvemo-Kartli) və Samsxe-Cavaxetiya regionlarını birləşdirirlər. Onlar hətta məni də Azərbaycan və Türkiyənin agenti kimi qələmə verib, mənim Gürcüstanı parçalamaq fikrində olmağımı yazırlar. Biz ermənilərin provokasiyasından çəkinmirik. Borçalı tarixi türk torpağıdır", - o bildirib.
Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən də Kvemo-Kartli (Borçalı) rayonunda 500 minə yaxın azərbaycanlı yaşayır.
Statistikaya görə, Gürcüstan əhalisinin əsas hissəsi (təxminən 70%) gürcülərdir. Ölkədə həmçinin ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, assuriyalılar, udinlər, avarlar və kistinlər də yaşayır.
Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri bildirib ki, ermənilər Samsxe-Cavaxetiyada rəhbər vəzifələrdə işlə təmin olunublar. "Ermənilər dövlət dilini bilmədən bu vəzifələri tuturlar. Borçalı rayonunda isə 48 dövlət idarəsinin heç birində bir nəfər belə azərbaycanlı təmsil olunmayıb. Səbəb onların gürcü dilini bilməməsidir", - GAK-ın sədri Əli Babayev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]