...

Azərbaycanda milli azlıqların sıxışdırılması ilə bağlı yalan məlumatlar yayılır

Cəmiyyət Materials 21 Avqust 2009 14:18 (UTC +04:00)
"Separatçıların lideri Hilal Məmmədov tərəfindən yaradılmış "müdafiə komitəsi" adından Novruzəli Məmmədovun müdafiəsi istiqamətində müxtəlif beynəlxalq təşkilatlara Azərbaycanda talışların təzyiqlərə məruz qalmaları haqda yanlış məlumatlar sızdırılır. Eyni zamanda, İran xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilən "İran Talış Mədəniyyət Mərkəzi"nin İranın "Səhər-2" telekanalı vasitəsilə Azərbaycana yönəlmiş neqativ xarakterli məlumatları talış dilində efirə gedir", - etibarlı mənbədən cümə günü Trend News-a bildiriblər.
Azərbaycanda milli azlıqların sıxışdırılması ilə bağlı yalan məlumatlar yayılır

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir F.Əliyev/ 

"Tolişi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbsxanada ölümündən sonra müəyyən şəxslər tərəfindən Azərbaycanda guya milli azlıqların sıxışdırılması  ilə bağlı yalan məlumatlar yayılır.

"Separatçıların lideri Hilal Məmmədov tərəfindən yaradılmış "müdafiə komitəsi" adından Novruzəli Məmmədovun müdafiəsi istiqamətində müxtəlif beynəlxalq təşkilatlara Azərbaycanda talışların təzyiqlərə məruz qalmaları haqda yanlış məlumatlar sızdırılır. Eyni zamanda, İran xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilən "İran Talış Mədəniyyət Mərkəzi"nin İranın "Səhər-2" telekanalı vasitəsilə Azərbaycana yönəlmiş neqativ xarakterli məlumatları talış dilində efirə gedir", - etibarlı mənbədən cümə günü Trend -a bildiriblər.

Trend -un arayışı: Bu kampaniyanın təşəbbüskarları bir-biri ilə rəqabət aparan iki qrupa bölünüblər. Birinci qrupun Azərbaycandakı "lideri" Hilal Əlif oğlu Məmmədovdur. O, faktiki olaraq Azərbaycanda və xaricdə yaşayan talış millətçiləri ilə sıx əlaqələr saxlamaqla yanaşı, onların fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.

Digər qrupa isə MDB ölkələrində yaşayan məlum talış separatçıları daxildirlər. Bu qrupun konkret rəhbəri olmasa da, onların üzvləri əsasən Moskva şəhərində fəaliyyət göstərən "Talış diasporu" İctimai Təşkilatının sədri İsmayıl Şabanov və Belarusda yaşayan Kahin Əbilov tərəfindən istiqamətləndirilir. Məmmədovla Əbilov arasında son zamanlar münasibətlərin "soyuqlaşmasına" baxmayaraq, (Əbilov tərəfindən Məmmədova maliyyə dəstəyi göstərilmədiyindən, onların arasında müəyyən narazılıqlar yaranmışdır) hər iki qrupun nümayəndələri mövcud vəziyyətdə qanun çərçivəsində fəaliyyət göstərməyə çalışırlar. Onlar mətbu orqanları, talış dilində müxtəlif bədii kitablar və dərsliklər nəşr etdirir, mədəniyyət xətti ilə müxtəlif tədbir və toplantılar keçirməyə səy göstərirlər.

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan, 10 il həbs cəzası almış Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir. 

68 yaşlı Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. 2008-ci ildə Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə öncə Trend -a bildirib ki, Məmmədov Müalicə Müəssisəsində xəstəliyinə uyğun tam müalicə alıb. İdarənin rəisi bildirib ki, məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, baş redaktor baş beyin damarlarının kəskin trambozundan ölüb.

"Tolişi Sədo" qəzetinin baş redaktorunun ölümü ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən sonra müvafiq qərar qəbul ediləcək, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öncə  Trend -a bildirib.

Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Aparılan müayinələr zamanı Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağ tərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələ, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıç katarakta, şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzin adenoması xəstəlikləri müəyyən edilib.

Mənbənin məlumatına görə, hazırki mərhələdə separatçıları dəstəkləyən kontingentin sayı çox deyil, lakin nəşr etdikləri qəzet və kitablar vasitəsilə onlar Azərbaycanın talış mənşəli əhalisinə təsir göstərərək tərəfdarlarının sayını artırmağa, xaricdəki havadarlarından maliyyə almaq üçün onlara öz "fəallıqlarını" nümayiş etdirməyə çalışırlar.

Millətçilərin fəalları cənub bölgəsinin əhalisinə ideoloji təsir göstərmək, separatçı planlarının həyata keçirilməsinə zəmin yaratmaq və məqsədlərinə nail olmaq üçün öz əsas vəzifələrindən biri kimi talış dilində ədəbiyyatın nəşr olunması və yayılmasında görürlər.

Mənbə həmçinin bildirib ki, onlar yerli təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan həmfikirləri qarşısında gənc nəsilə talışların qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduqlarını, hakimiyyət orqanları tərəfindən saylarının məqsədyönlü şəkildə azaldığı haqda təbliğat aparmaq məsələlərini qaldırırlar. Həmin qüvvələr müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməyə cəhd göstərərək, onlara talış tarixi, mədəniyyəti, folkloru, eyni zamanda milli azlıq kimi Azərbaycan hakimiyyəti tərəfindən hüquqlarının pozulması və sıxışdırılmaları haqda uydurma məlumatlar verirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti