Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir Ü.Sadıxova /
İsrailin Xarici İşlər Nazirliyi Azərbaycanla viza rejimindən imtina təşəbbüsü ilə çıxış edib ki, bu da turizm sahəsində əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Bu barədə çərşənbə günü Trend -a İsrailin Azərbaycandakı yeni səfiri Mixael Lavon-Lotem deyib.
"Biz təşəbbüsü öz üzərimizə götürmüşük və bunun üzərində işləyirik, - Lavon-Lotem deyib. - Viza iki ölkə arasında turizmin inkişafı üçün problemdir. Çünki vizanın rəsmiləşdirilməsi xeyli vaxt alır".
"Azərbaycan çox yüksək turizm potensialına malikdir. Lakin İsrail bazarına turizm əlaqələrinin inkişafı imkanlarını çatdırmaq lazımdır", - səfir deyib.
"Söhbət Azərbaycanda kifayət qədər yüksək turizm potensialından deyil, israillilərdə buna necə maraq oyatmaqdan gedir", - Lavon-Lotem bildirib.
Səfirin sözlərinə görə, turizm əlaqələrinin inkişafı üçün İsrailin bir neçə turizm şirkətini Azərbaycana cəlb etmək və Azərbaycandakı turizm operatorlarının fəaliyyəti barədə İsrail KİV-də məlumat yaymaq lazımdır.
"Ağılla işləsək, gələn ilin yazına turistlərin sayı nəzərəçarpacaq dərəcədə artacaq, - Lavon-Lotem deyib. - Nə qədər çox şirkət cəlb olunsa, turist axını da bir o qədər artacaq".
Lavon-Lotem deyib ki, viza rejimindən imtina Azərbaycan və İsrail arasında turizm əməkdaşlığının inkişafına müsbət təsir göstərə bilər. Çünki Gürcüstan və Türkiyəyə gedən turistlərin Azərbaycana gəlməməsi üçün heç bir səbəb yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]