...

Azərbaycanda odun tədarükü üçün ağaclar qırılmalıdır, yoxsa alternativ enerji mənbələrindən istifadə edilməlidir? - SORĞU

Cəmiyyət Materials 9 Sentyabr 2009 10:38 (UTC +04:00)
"Qərarın icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verilib", - çərşənbə günü Trend News-a Nazirlər Kabinetinin aqrar sənaye şöbəsinin baş məsləhətçisi Zemfira Sairbəyzadə məlumat verib.
Azərbaycanda odun tədarükü üçün ağaclar qırılmalıdır, yoxsa alternativ enerji mənbələrindən istifadə edilməlidir? - SORĞU

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanda qış aylarında odun tədarükü üçün 64 min kubmetr həcmdə odunun əldə olunması barədə qərar verilib.

"Qərarın icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verilib", - çərşənbə günü Trend -a Nazirlər Kabinetinin aqrar sənaye şöbəsinin baş məsləhətçisi Zemfira Sairbəyzadə məlumat verib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ötən il qış mövsümündə qurumuş, inkişafdan qalmış və meşənin sanitar vəziyyətini yaxşılaşdırmaq məqsədilə tör-töküntü hesabına məktəb, hospital və hərbi hissələri 47 min kubmetr oduncaqla təmin etmişdi.

"Ölkənin yanacaq balansında odun olmasa da, nazirlik reallıqları nəzərə alaraq bu cür addımlar atır", - ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ötən il jurnalistlərə bildirmişdi.

Son səkkiz ildə mühafizə olunan təbiət əraziləri 5 faiz artaraq 9 faizə çatıb. Bu da onu göstərir ki, əslində meşələrin mühafizəsi üçün ilbəil odun tədarükü ilə bağlı müəyyənləşdirilən limit azaldılmalıdır və yaxud ən azından artırılmamalıdır.

Əslində, odun tədarükü ilə bağlı ağac qırıntılarının həcmini azaltmaq üçün alternativ enerji mənbələrindən də istifadə edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Alternativ enerji mənbələrinin tətbiqinə dair" sərəncamından irəli gələn məsələlər inkişaf etdirilməlidir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə bir sıra pilot layihələr həyata keçirir. Belə layihələrdən biri də günəş batareyasının mənzillərdə istifadəsidir.

Bununla bağlı ilk dəfə Saatlı rayonunda quraşdırılan qurğu müsbət nəticə verib. Layihənin təşkilatçıları deyir ki, 2500 manata başa gələn günəş batareyası 3 il müddətində öz xərcini ödəyir. Təhlükəsiz qurğunun evlərdə quraşdırılması da çox asan başa gəlir. Artıq Birləşmiş Ştatlar, Avropa və bir sıra Şərq ölkələrində uğurla istifadə olunan cihazın ölkəmizdə istehsalı da mümkündür.

Külək enerjisindən istifadə məqsədilə də xüsusi qurğuların quraşdırılmasına başlanılıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə dəfələrlə açıqlamasında ölkədə ətraf mühitin qorunması üçün alternativ enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sairbəyzadənin sözlərinə görə, meşənin vəziyyətindən asılı olaraq bu il 64 min kubmetrə qədər meşə ağacları qırıla bilər.

"Bizim meşələrimiz birinci kateqoriyaya aid olduğundan, meşədə hər hansı qırıntı qadağandır. Yalnız sanitar qırılmaya qadağa yoxdur. Hansı ağac yıxılırsa, təbii fəlakətə məruz qalırsa, odun kimi kəsilə bilər", - Sairbəyzadə bildirib.

Beynəlxalq Ekoenegetika Akademiyasının direktoru Fəqan Əliyev də Trend -a açıqlamasında odun tədarükü üçün ağacların kəsilməsinin qarşısını almaq üçün alternativ enerji mənbəyinin inkişaf etdirilməsini vacib sayır.

"Prezident alternativ və təkrar olunan enerji üzrə agentliyin yaradılması barədə sərəncam verib. Azərbaycan bu sahədə beynəlxalq təşkilata qoşulub. Ona görə də alternativ enerji mənbəyinin inkişaf etdirilməsi üçün əla zəmin yaranıb", - Əliyev bildirib.

Onun sözlərinə görə, bütün növ meşələrdə təbii qırım var.

Bütün gücü alternativ enerjinin inkişafına sərf etmək lazımdır. Bizim respublikada bu sahədə həm günəş, həm külək, həm kiçik SES-lərlə bağlı, bioqazla, termal sularla bağlı mənbələr var. Təbiətin bütün resurslarından bəhrələnmək lazımdır", - ekspert vurğulayıb.

Azərbaycan Yaşıllar Partiyası (AYP) hesab edir ki, qeyd olunan həcmdə odun tədarükünün artırılması ilə bağlı qərar meşələrin qırılmasına ciddi təsir edəcək. "Bu qərar verilməsəydi belə, qazın qiymətinin iki dəfədən çox artması əhalinin ağac kəsməsi hallarını artıracaq", - Trend -a AYP sədri Mais Güləliyev bildirib.

Güləliyevin sözlərinə görə, meşələrdə sanitar qırmalar meşə massivinin azalmasına deyil, meşələrin sağlamlaşdırılmasına xidmət edir. Sanitar qırma aparılacaq meşə massivi o dərəcədə böyük deyil ki, əhalini istiliklə təmin etsin.

Güləliyev odun tədarükünün normanı aşmaması üçün ictimai nəzarətin təyin edilməsini mümkün hesab etmir. "İctimaiyyət nümayəndələrinin özləri dövlət idarələrindən birbaşa və ya dolayısı ilə asılıdır. Bu, əslində əlavə çətinliklər, sui-istifadə hallarına gətirib çıxaracaq. İctimai nəzarətin ən əsas təminatçısı məhkəmədir. Nəzarəti təmin etmək üçün güc olmalıdır, güc də məhkəmədədir. Məhkəmə fəaliyyətsizdirsə, ictimai nəzarət hansı nəticə verə bilər?", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti