Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Təhsil Nazirliyi builki tədris ilində də Gürcüstanın Azərbaycandilli məktəblərini dərsliklərlə təmin edəcək.
"İki ölkənin Təhsil nazirlikləri arasında əldə olunan razılığa əsasən, 40 mindən artıq dərslik və əyani tədris vəsaiti Gürcüstana yola salınmaq üçün hazırdır. Dərslik və əyani tədris vəsaitləri Gürcüstanda azərbaycanlıların yaşadığı 11 rayon üzrə bölüşdürülüb", - cümə axşamı Trend -a Azərbaycanın Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.
Trend -un arayışı: Azərbaycan müstəqillik qazandıqdan sonra (1991-ci il) Gürcüstanda Azərbaycandilli məktəblərin bütün siniflərini dərsliklərlə təmin edir. Gürcüstanda 168 Azərbaycandilli məktəb olub, hazırda onlardan 120-si fəaliyyət göstərir. Bu il Gürcüstanda yeni dərs ili senyabrın 14-ü başlayıb.
Şahbazlının sözlərinə görə, Gürcüstan tərəfi Azərbaycanın Təhsil Nazirliyindən Azərbaycandilli məktəblər üçün yalnız 4, 5 və 6-cı siniflər üzrə 20 min dərsliyin göndərilməsini xahiş etmişdi. "Digər siniflər üçün dərsliklərin Gürcüstanda nəşr olunacağı nəzərdə tutulurdu, lakin sonradan ölkənin buna hazır olmadığı məlum oldu", - şöbə müdiri bildirib.
Dərslik və əyani vəsaitlərin Gürcüstana nə vaxt göndəriləcəyinə gəlincə, Şahbazlı bildirib ki, göndərilmə tarixini Gürcüstan tərəfi müəyyənləşdirməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]